Bakıda 2 yaşlı uşağa işgəncə veriblər - "Kayu" bağçasından ŞİKAYƏT

Bakıda 2 yaşlı uşağa işgəncə veriblər - "Kayu" bağçasından ŞİKAYƏT
Kateqoriya məlum deyil
T

"Kayu" Tədris və İnkişaf Mərkəzində azyaşlı uşağa şiddət göstərildiyi iddia olunur.

Sfera.az xəbər verir ki, "Kayu" Tədris və İnkişaf Mərkəzində 2 yaş 2 aylıq uşağa qarşı şiddət göstərilməsi və ona lazımi qayğının göstərilməməsi ilə bağlı iddia irəli sürülüb. Bu barədə Elnur Əliyev adlı vətəndaş sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, övladı mərkəzdən bir neçə dəfə üz, göz, alın və digər nahiyələri göyərmiş vəziyyətdə evə qayıdıb. Valideyn uşağın xəsarətlərinin bağçada baş verdiyini iddia edir. O bildirib ki, sonuncu dəfə uşağının alnında göyərmə və şişkinlik müşahidə edib.

Valideyn həmçinin uşağın uzun müddət dəyişdirilməmiş pamperslə saxlanıldığını iddia edib. Elnur Əliyevin paylaşımında deyilir: "Oğlum "Kayu" uşaq bağçası sayəsində "danışmağa" başladı. İlk sözü də "bolnıy sadik" oldu. Oğlum dil açdı, əli ilə alnını göstərib "bolnıy sadik" dedi. Bilmədim sevinim, yoxsa əsəbiləşim. Hər dəfə bədəni göyərmiş halda uşağı evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb.

Bir dəfə "poposunda" çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat bağçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, xoşunuz gəlmir, çıxarın. Bağça evə yaxın olduğu üçün dəyişmək istəmirdim deyə, yenə göz yumdum. Bir gün uşağın gözünü partlatdılar, bir ay sifətinin göyü çəkilmədi. Uşağın gah ayağı, gah əli göyərirdi. 3 ay yayı ora qoymadım. Dünən tətilindən sonra ilk gün yenə "Kayu"ya apardım.

Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı gömgöydür və şişib. Soruşuram ki, bu nədir, ilk gündən yenə uşağın alnı göyərib? "Artıq sizdən şikayət edəcəm" dedim. Və o məşhur sözü dedilər:

"Gedin, hara istəyirsiz, şikayət edin".

Ən dəhşətlisi isə evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər, uşağı sidik və nəcis içində saxlayıblar. Zəng edib deyirəm ki, sizi Elm və Təhsil Nazirliyinə şikayət edəcəm, belə bağça olmaz, lisenziyanız ləğv olunmalıdır. Gülə-gülə deyir ki, "Allah köməyiniz olsun, hara istəyirsiz şikayət edin".

Sözügedən iddialarla bağlı "Kayu" Tədris və İnkişaf Mərkəzinin də mövqeyini dərc etməyə hazırıq.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR