Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır

Bakıda fəaliyyət göstərən tanınmış şadlıq saraylarında toy menyularının qiymətində və xidmət paketlərinin tərkibində son üç ildə ciddi dəyişikliklər müşahid olunur.
İqtisadi amillər, ərzaq məhsullarının bahalaşması və xidmət xərclərinin artması şadlıq saraylarının qiymət siyasətinə birbaşa təsir göstərib.
Sfera.az-ın araşdırmasına əsasən, 2023-cü ilin əvvəlində paytaxtın tanınmış restoranlarında bir nəfərlik toy menyusunun orta qiyməti 45-80 manat arasında dəyişirdisə, hazırda eyni kateqoriyalı zallarda qiymətlər 70-130 manat və daha yuxarı hədlərə yüksəlib. Əvvəllər 50-60 manat ödənilərək əldə edilən zəngin masa arxası və əlavə xidmətlər toplusunu bu gün yalnız 90-100 manatdan başlayan paketlərdə görmək mümkündür. Konkret şadlıq saraylarının misalında müqayisə aparsaq, dəyişikliklərin miqyası daha aydın görünür.
Məsələn, "Grand Neon" şadlıq sarayında 2023-cü ilin əvvəlində standart menyu qiymətləri adambaşına 45-55 manat arasında dəyişirdisə və bu məbləğə 10-dan çox salat çeşidi, 3 isti yemək, limitsiz içkilər, canlı ansambl, aparıcı və peşəkar video çəkiliş daxil idisə, hazırda eyni restoranda qiymətlər 65-85 manat aralığına qalxıb, həmçinin menyuya daxil olan bəzi xidmətlər kənarlaşdırılıb.
Faktiki vəziyyət "Altun Saray" və "Neolit" kimi məkanlarda da müşahid olunub. Əvvəllər 45-50 manat olan menyular hazırda 70-100 manat aralığında təklif edilir. Premium seqmentə daxil olan "Sapfir", "Grand Opera" və "Böyük Saray"da isə 2023-cü ildə 110-150 manatdan başlayan start qiymətləri hazırda 160–250 manata, bəzi hallarda isə 350-400 manata qədər yüksəlib.
Qiymət artımı ilə yanaşı menyuların tərkibində və porsiyalarda da optimallaşdırma aparılıb. Əvvəllər 50 manatlıq menyuda 10-12 növdə salat, dəniz məhsulları, qırmızı kürü və keyfiyyətli ət assortiləri təqdim edilirdisə, hazırda analoji qiymət aralığında salat sayı 6-8-ə endirilib və daha çox tərəvəz əsaslı komponentlərlə əvəzlənib. İsti yeməklər və kabablarda porsiyaların çəkisi azaldılıb, quzu antrekotu kimi bahalı çeşidlər standart paketlərdən çıxarılıb. Şüşə qablaşdırmada təqdim olunan təbii şirələr və limitsiz yerli spirtli içkilər isə hazırda bir çox zallarda limitlə verilir və ya plastik qablaşdırmadakı analoqları ilə əvəzlənir.
Diqqətçəkən digər məqam isa əlavə şou və təşkilati xidmətlərin menyudan çıxarılmasıdır. 2023-cü ilin əvvəlində menyu qiymətinə hədiyyə kimi daxil edilən ansambl, aparıcı, peşəkar video və foto çəkiliş, bəy-gəlin maşınının bəzədilməsi, çoxmərtəbəli tort və işıq-tüstü effektləri indi əksər zallarda ayrıca ödənişlə təklif olunur. Hazırda foto-video çəkiliş üçün ayrıca 300-800 manat arası xərc tələb olunur, tüstü və pirotexnika şouları əlavə xidmət kimi satılır, standart DJ əvəzinə xüsusi müğənni və ya aparıcı dəvət edildikdə isə zal tərəfindən ayrıca texniki avadanlıq haqqı tutulur. Hətta əvvəllər qiymətin içində olan ofisiant xidməti üçün də indi bəzi zallarda menyunun üzərinə əlavə 10 faiz xidmət haqqı hesablanır.
Bəsti Rəfizadə






