İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”: Yeni mərhələ

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”: Yeni mərhələ
Kateqoriya məlum deyil
T

Otuz ilə yaxın davam edən işğal nəticəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində şəhərlər, kəndlər, sosial və iqtisadi infrastruktur dağıdılıb, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərin böyük hissəsinin işğaldan azad edilməsi ilə Azərbaycanın qarşısında yeni və daha mürəkkəb mərhələ – dağıdılmış torpaqların bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi vəzifəsi dayanıb.

Sfera.az xəbər verir ki, bu proses sonradan “Böyük Qayıdış” adı ilə genişmiqyaslı dövlət proqramına çevrilib. 2022-ci il noyabrın 16-da təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Qarabağ və Şərqi Zəngəzurun bərpasını, yeni yaşayış məntəqələrinin salınmasını, təhlükəsizliyin təmin edilməsini, iqtisadi fəallığın artırılmasını və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qaytarılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirib.

“Böyük Qayıdış” yalnız insanların bir yaşayış məntəqəsindən digərinə köçürülməsi deyil. Bu proses faktiki olaraq yeni şəhərlərin, kəndlərin, yolların, məktəblərin, xəstəxanaların, enerji və su sistemlərinin, istehsal müəssisələrinin, xidmət sahələrinin və bütövlükdə yeni sosial-iqtisadi həyatın qurulmasını əhatə edir.

Başqa sözlə, söhbət sadəcə keçmiş məcburi köçkünlərin evlərinə qaytarılmasından yox, uzun illər ərzində həyatın olmadığı ərazilərdə yenidən şəhər və kənd həyatının formalaşdırılmasından gedir.

İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı dövlət proqramında qeyd olunub ki, işğal dövründə Azərbaycanın şəhər və kəndləri, infrastruktur obyektləri dağıdılıb, milli-mədəni irsə ciddi ziyan vurulub və 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Bu baxımdan qayıdışın mahiyyəti yalnız yeni evlərin tikilməsi ilə məhdudlaşmır.

Çünki doğma torpağına qayıdan insan üçün ev qədər məktəb, xəstəxana, iş yeri, yol, mağaza, ictimai xidmət, rabitə və təhlükəsizlik də vacibdir. İnsanların həmin ərazilərdə uzunmüddətli və dayanıqlı şəkildə yaşaması üçün bütöv bir yaşayış sistemi yaradılmalıdır.

Məhz “Böyük Qayıdış” proqramının əsas fərqi də burada ortaya çıxıb.

Dövlət proqramı işğaldan azad edilmiş ərazilərin bərpası, əhalinin geri qayıdışı, sosial-iqtisadi inkişaf, məşğulluğun təmin edilməsi, təhlükəsiz yaşayış mühitinin yaradılması və ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyasını kompleks şəkildə nəzərdə tutur.

“Böyük Qayıdış” nə vaxt başladı?

Qayıdış prosesi faktiki olaraq işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin olunmasından və bərpa işlərinin başlanmasından sonra mərhələli şəkildə həyata keçirilməyə başlayıb.

Laçın və Füzuli şəhərləri, eləcə də müxtəlif kəndlər bu prosesin ilk ünvanları sırasında olub. Daha sonra Zəngilan, Ağdam, Şuşa, Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Ağdərə və digər ərazilərdə də məskunlaşma prosesinə start verilib.

Qayıdışın mərhələli aparılmasının əsas səbəblərindən biri həmin ərazilərdə uzun illər ərzində tamamilə dağıdılmış infrastrukturun yenidən qurulması və mina təhlükəsinin aradan qaldırılmasıdır.

Çünki 30 ilə yaxın müddətdə nəzarətsiz qalmış ərazilərdə mina və partlamamış hərbi sursat problemi olduqca böyükdür. Buna görə də hər hansı kəndin və ya şəhərin tikintisinə başlamazdan əvvəl həmin ərazinin təhlükəsizliyi təmin edilməlidir.

Qarabağa qayıdışın ən mühüm şərtlərindən biri təhlükəsizlikdir.

İnsanların doğma torpaqlarına qayıtması üçün ilk növbədə həmin torpaqların təhlükəsiz olması lazımdır. Buna görə mina və partlamamış hərbi sursatların təmizlənməsi Böyük Qayıdış prosesinin əsas istiqamətlərindən birinə çevrilib.

Mina təmizlənməsi həm yaşayış məntəqələrinin salınması, həm yolların çəkilməsi, həm kənd təsərrüfatı torpaqlarının istifadəyə verilməsi, həm də insanların sərbəst hərəkəti baxımından vacibdir.

Füzuli şəhəri Böyük Qayıdış prosesində xüsusi yer tutur.

Şəhərin azad olunmasından sonra burada genişmiqyaslı bərpa işlərinə başlanılıb. Yeni Füzuli şəhərinin qurulması zamanı yaşayış binaları ilə yanaşı, məktəblər, inzibati binalar, ictimai məkanlar, yollar və digər infrastrukturlar yaradılıb. Füzulinin strateji mövqeyi də onun əhəmiyyətini artırır. Şəhər Qarabağın digər əraziləri ilə nəqliyyat bağlantısının qurulması baxımından mühüm mərkəzlərdən biridir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hava limanı regionun Azərbaycanın digər şəhərləri və xarici ölkələrlə nəqliyyat əlaqələrinin genişləndirilməsinə imkan yaradır.

Füzuli şəhərində təhsil infrastrukturu da qurulur. Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına məktəb bunun nümunələrindən biridir. Azərbaycanla Özbəkistan arasında bu layihə həm də Böyük Qayıdış prosesinə beynəlxalq dəstəyin simvolik nümunələrindən biri kimi qiymətləndirilir.

Füzuli rayonunda məskunlaşmanın da genişləndirilməsi planlaşdırılır. Prezident İlham Əliyevin açıqlamasına görə, Böyük Qayıdış proqramının birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonuna Füzuli rayonunda 22 min insanın yaşaması nəzərdə tutulur. Eyni dövr üçün Qarabağ və Şərqi Zəngəzur üzrə 140 min nəfərlik qayıdış hədəfi açıqlanıb.

Ağdam Böyük Qayıdışın ən böyük layihələrindən biridir. Bir vaxtlar Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdam işğal dövründə tamamilə dağıdılıb. Bu gün isə şəhər yenidən qurulur.

Yeni Ağdamın layihələndirilməsi zamanı şəhərin tarixi xüsusiyyətləri ilə müasir şəhərsalma prinsiplərinin birləşdirilməsi əsas məqsədlərdən biridir.

Ağdamda yaşayış məhəllələri, məktəblər, ictimai binalar, yollar, parklar, sənaye və xidmət obyektləri yaradılır. 2026-cı ilin mayında Ağdam şəhərinə növbəti köç həyata keçirilib və həmin mərhələdə 417 nəfər şəhərə yerləşdirilib. Bu rəqəm təkcə statistika deyil. Hər köç karvanı Ağdamda uzun illərdən sonra yenidən şəhər həyatının formalaşması deməkdir.

Bir vaxtlar dağıntıların olduğu ərazilərdə artıq yaşayış binaları, məktəblər, küçələr və ictimai məkanlar görünür.

Qarabağa qayıdış deyəndə Şuşanın ayrıca yeri var.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, milli yaddaşın əsas simvollarından biridir.

Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin dönüş nöqtələrindən biri oldu. Şəhərin bərpası isə yalnız yaşayış infrastrukturunun yaradılması kimi deyil, Azərbaycanın tarixi-mədəni irsinin yenidən dirçəldilməsi kimi həyata keçirilir.

Şuşada tarixi binaların, məscidlərin, muzeylərin, mədəniyyət obyektlərinin və digər abidələrin bərpasına xüsusi diqqət göstərilir. Eyni zamanda şəhərdə yeni yaşayış məhəllələri və sosial obyektlər yaradılır. Şuşaya qayıdışın əsas xüsusiyyətlərindən biri şəhərin tarixi simasının qorunmasıdır. Çünki Şuşanın yenidən qurulması yalnız yeni binaların tikilməsi deyil. Burada əsas məsələ şəhərin tarixi ruhunun və memarlıq xüsusiyyətlərinin qorunmasıdır.

Ümumiyyətlə, “Böyük Qayıdış” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi ən genişmiqyaslı sosial, iqtisadi və şəhərsalma layihələrindən biridir.

Bu proses bir neçə əsas mərhələni özündə birləşdirir: təhlükəsizliyin təmin edilməsi, minaların təmizlənməsi, dağıdılmış ərazilərin bərpası, yeni şəhər və kəndlərin salınması, sosial infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin bərpası və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıtması.

2026-cı ildə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Cəbrayıl, Şuşa, Ağdam və digər istiqamətlərdə həyata keçirilən yeni köçlər isə prosesin coğrafiyasının getdikcə genişləndiyini göstərir. Lakin Böyük Qayıdışın əsl nəticəsi yalnız köçürülən insanların sayı ilə ölçülməyəcək.

Əsas nəticə Qarabağ və Şərqi Zəngəzurda insanların özlərini tamhüquqlu sakin kimi hiss etdiyi, uşaqların məktəbə getdiyi, insanların işlədiyi, bizneslərin fəaliyyət göstərdiyi, kənd təsərrüfatının və turizmin inkişaf etdiyi, şəhərlərin və kəndlərin canlı sosial mühitə çevrildiyi zaman ortaya çıxacaq.

Bəsti Rəfizadə

Sfera.az

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR