Rəqəmsal uçurum dərinləşir: Kimlər texnologiyadan kənarda qalır?

Azərbaycanda rəqəmsal xidmətlər, texnologiyalar inkişaf etdiyi kimi rəqəmsal bərabərsizlik də müşahidə edilir. İnternetə, müasir cihazlara və rəqəmsal savadlılığa sahib olan insanlar sürətlə inkişaf etdiyi halda, bu imkanlardan məhrum olanlar cəmiyyətdən və iqtisadiyyatdan təcrid olunurlar.
Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Əmirov Sfera.az-a açıqlamasında bildirib ki, rəqəmsal dünyanın sürətlə inkişaf etməsinə baxmayaraq, cəmiyyətin bütün üzvləri bu imkanlardan eyni dərəcədə yararlana bilmir.
Onun sözlərinə görə, müasir telefon və digər texnoloji cihazlardan istifadə edən, internetə çıxışı olan şəxslərlə yanaşı, xüsusilə kənd yerlərində yaşayan, müasir cihazlara çıxışı məhdud olan və texnologiyadan istifadə bacarığı zəif şəxslər də var:
"Yaşlı insanların bir qismi rəqəmsal xidmətlərdən istifadə baxımından daha çox çətinliklə üzləşir. Rəqəmsal uçurumun aradan qaldırılması üçün sosial layihələrin həyata keçirilməsi, internet və texnoloji cihazların daha əlçatan olması vacibdir".

O deyib ki, ucqar ərazilərdə sürətli internet təmin edilməli, imkanı məhdud ailələr və tələbələr üçün güzəştli internet xidmətləri, noutbuk və planşet əldə etməyə dəstək mexanizmləri yaradılmalıdır:
"Yaşlı və texnologiyadan istifadə bacarığı zəif olan şəxslər üçün pulsuz və sadə dildə təlimlərin təşkili də mühüm addımlardandır. Eyni zamanda gənclər və könüllülər tərəfindən yaşlı insanların texnologiyadan istifadəsinə dəstək göstərilməsi təşviq edilməlidir".
F.Əmirov dövlət xidmətləri və bank tətbiqlərinin də daha sadə və əlçatan formada hazırlanmasının vacibliyini vurğulayıb. Ekspert bildirdi ki, rəqəmsal xidmətlər görmə və eşitmə məhdudiyyəti olan şəxslərin də rahat istifadə edə biləcəyi formada hazırlanmalıdır.
Ekspert ənənəvi xidmətlərin tamamilə aradan qaldırılmasının da düzgün olmadığını qeyd edib:
"Rəqəmsal xidmətlər genişləndirilsə belə, texnologiyadan istifadə edə bilməyən şəxslər üçün ənənəvi xidmət pəncərələri saxlanılmalıdır. Rrəqəmsallaşma yalnız gənclər və şəhər əhalisi üçün deyil, cəmiyyətin bütün təbəqələri üçün əlçatan olmalıdır".
İradə Elsevər






