Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ

Sentyabrın yaxınlaşması ilə uşaqların yay aylarında pozulan yuxu rejiminin məktəb qrafikinə uyğunlaşdırılması aktuallaşır.
Pediatr dos. Nigar Bayramova Sfera.az-a açıqlamasında bildirib ki, uşağın yuxu rejimini məktəbin ilk gününə saxlamaq düzgün deyil.

Onun sözlərinə görə, bu prosesə ən azı 1-2 həftə əvvəl başlamaq və dəyişiklikləri tədricən etmək lazımdır. Mütəxəssis qeyd edib ki, yayda gecə saat 00:00-da yatıb səhər 09:00-da oyanan uşağı birdən-birə 21:30-da yatmağa və 06:30-da oyanmağa məcbur etmək effektiv deyil:
"Bunun əvəzinə yatma və oyanma saatlarını hər bir neçə gündən bir 15-30 dəqiqə erkənləşdirmək tövsiyə olunur. Xüsusilə səhər oyanma saatının sabitləşdirilməsi vacibdir. Kəskin rejim dəyişikliyi yuxuya getməkdə çətinlik, səhər yuxululuğu və yuxu çatışmazlığına səbəb ola bilər. Bu isə uşağın diqqətinin azalması, əsəbilik, davranış dəyişiklikləri və öyrənmə qabiliyyətinin zəifləməsi ilə nəticələnə bilər".
Pediatr yatmazdan əvvəl sakit rutin yaradılmasını, işıqların azaldılmasını, kitab oxumaq kimi sakit fəaliyyətlərə üstünlük verilməsini və ekran qarşısında keçirilən vaxtın azaldılmasını məsləhət görür. O vurğulayıb ki, bütün qaydaları bir gecədə dəyişməkdənsə, ardıcıl və tədricən hərəkət etmək daha yaxşı nəticə verir.
Mütəxəssis həmçinin valideynlərə məktəbin ilk həftəsində uşağın həddindən artıq yuxululuq, əsəbilik, diqqət dağınıqlığı və davranış dəyişikliklərinə diqqət yetirməyi tövsiyə edib:
"Uşaq kifayət qədər yatmasına baxmayaraq davamlı yorğun görünürsə, xoruldama və ya yuxuda nəfəsin dayanması kimi hallar müşahidə olunursa, pediatrla məsləhətləşmək lazımdır".
İradə Elsevər






