Bu gün Mehriban Əliyevanın doğum günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Sfera.az xəbər verir ki, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub.

O, 1981-ci ildə Bakı şəhərindəki 23 nömrəli orta məktəbi qızıl medalla bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1988-ci ildə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Mehriban Əliyeva 1988-1990-cı illərdə həmin institutda göz xəstəlikləri ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışıb.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edən Mehriban Əliyeva 1996-cı ildə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan-İrs” jurnalını yaradıb.

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun rəhbərliyi dövründə Azərbaycanda bir sıra beynəlxalq gimnastika yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilib.

Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edir. Fondun fəaliyyəti təhsil, səhiyyə, mədəniyyət, idman, elm, ekologiya və sosial sahələri əhatə edən müxtəlif layihələri əhatə edir.

2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilən Mehriban Əliyeva 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2022-ci ildə UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən ayrılması ilə bağlı müraciət edib.

2017-ci il fevralın 21-də Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub.

Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR