Qadınların sevdiyi peşələr: Əmək bazarındakı maraqlı bölgü

Əmək bazarında qadınlar bir sıra sahələrdə fəal iştirak etsələr də, bəzi peşə sahələrində onların təmsilçiliyi hələ də aşağı səviyyədədir.
Rəsmi məlumatlara əsasən, qadınların daha çox çalışdığı sahələr təhsil, səhiyyə, istirahət və əyləncə sahələridir.
Orta ümumtəhsil məktəblərində müəllimlərin 82 faizi, ali məktəblərdə müəllimlərin 58 faizi qadındır.
Səhiyədə həkimlərin 66 faizi, orta tibb işçilərinin 90 faizini qadınlar təşkil edir.
İstirahət və əyləncə sahələrindəki işçilərin 60 faizi qadınlardan ibarətdir.
Digər sahələrdə qadınların payı kişilərlə müqayisədə azdır. Elə sahələr var ki, burada qadınlar daha azdır. Belə sahələrə tikintini (cəmi işçilərin 8,4 faizi), mədənçıxarma sənayesini (12 faiz), nəqliyyatı (17 faiz) göstərmək olar.
Say baxımından isə qadılar daha çox təhsil, səhiyyə və ticarət sahələrində çalışırlar. Bütün qadın işçilərin 63 faizi bu sahələrdə çalışır.
Bəs bunun səbəbləri nədir? Bu vəziyyətə cəmiyyətdə formalaşmış yanaşmalar təsir göstərə bilərmi?
Sfera.az xəbər verir ki, İnsan Resursları üzrə mütəxəssis İlkin Məcidov əmək bazarında qadınların müəyyən peşələrdə az təmsil olunmasının bir sıra amillərlə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, bu vəziyyəti yalnız qadınların həmin sahələrə marağının az olması ilə izah etmək düzgün deyil:
"Burada iş şəraiti, əmək rejimi, ailə məsuliyyətləri, peşə stereotipləri, təhsil və ixtisas seçimi, təhlükəsizlik, əməkhaqqı və karyera imkanları mühüm rol oynayır. Tikinti, mədənçıxarma, nəqliyyat, texniki xidmət və bəzi istehsalat sahələrində növbəli iş, gecə rejimi, ezamiyyətlər və ağır əmək şəraiti qadınların bu peşələrə marağını azalda bilər. Eyni zamanda, uşaqlıqdan formalaşan “qadın və kişi peşələri” yanaşması da karyera seçimlərinə təsir göstərir”.
Məcidov vurğulayıb ki, əsas məqsəd qadınları müəyyən peşələrə yönləndirmək deyil, onların gender stereotipləri və süni məhdudiyyətlər olmadan bacarıq, maraq və karyera məqsədlərinə uyğun seçim edə bilmələri üçün bərabər imkanların yaradılmasıdır.
Onun fikrincə, qızların texniki və mühəndislik istiqamətlərinə daha erkən yaşlardan yönləndirilməsi, təhlükəsiz və rahat iş mühitinin yaradılması, çevik iş imkanlarının artırılması qadınların bu sahələrdə iştirakını genişləndirə bilər.
İradə Elsevər






