Bəzi sahələrdə işçi çatışmazlığı yaranıb: "Bazar peşəkarları axtarır"

Azərbaycanda bir sıra sahələrdə işçi çatışmazlığı müşahidə olunur. Xüsusilə, texniki ixtisaslar, satış, tikinti, kənd təsərrüfatı və xidmət sektorunda işəgötürənlər uyğun kadrlar tapmaqda çətinlik çəkirlər.
Sfera.az xəbər verir ki, iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda işçi çatışmazlığının əsas səbəbi iş yerlərinin azlığı deyil, əmək bazarının tələb etdiyi bacarıqlarla iş axtaranların bacarıqları arasındakı uyğunsuzluqdur:

“Ən çox texniki ixtisaslar, satış və marketinq, mühasibatlıq-maliyyə, tikinti və kənd təsərrüfatı sahələrində kadrlara ehtiyac var. Xüsusilə elektrik, mexanik, usta, texnik və avadanlıq operatorlarına tələbat yüksəkdir. Gənclərin böyük hissəsi isə ali təhsilə üstünlük verir, halbuki əmək bazarında peşəkar işçilərə ciddi ehtiyac var. Bəzi vakansiyalarda əməkhaqqı və iş şəraiti gözləntiləri qarşılamadığı üçün də iş yerləri uzun müddət boş qalır”.
İqtisadçı problemin həlli üçün peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasını, tələbələrin daha çox praktiki hazırlıq keçməsini və şirkətlərlə peşə məktəbləri arasında əməkdaşlığın gücləndirilməsini təklif edir.
İqtisadçı Elçin Məmmədov isə hesab edir ki, texniki ixtisaslar üzrə kadr qıtlığının əsas səbəbi texnologiyanın sürətlə dəyişməsi və təhsil sisteminin bu dəyişikliklərə vaxtında uyğunlaşmamasıdır:

“Bu problem təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də yaşanır. Bazar qanunları bu problemi təbii şəkildə həll edə bilər. Belə ki, kadr qıtlığı tələbatı, tələbat isə əməkhaqlarının artmasını təmin edir. Yüksək maaşlar da tələbələrin texniki ixtisaslara marağını artırır”.
İradə Elsevər








