Yaşa görə müavinət alanların sayı artır: Məbləğ nə qədər olmalıdır?

Cari ilin iyul ayı məlumatlarına görə, Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfərə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ciddi artımdır. Ötən ilin eyni dövründə müavinət alanların sayı 166,2 min nəfər idi.
Hazırda yaşa görə müavinətin məbləği 220 manatdır və bu məbləğ yaşayış minimumundan (245 manat) azdır.
Ekspertlər bu məbləğin ən azından yaşayış minimumuna çatdırılmasını və həmin məbləğin inflyasiyanın təsirindən qorunmasının vacib olduğunu bildirirlər.
Sosioloq Üzeyir Şəfiyev də Sfera.az-a açıqlamasında bildirib ki, yaşa görə sosial müavinətlərin artırılması zəruridir.

Onun sözlərinə görə, bu addım həm yaşayış minimumu baxımından daha ədalətli yanaşma olar, həm də müavinət alan şəxslərin sosial məmnunluğunu artırar:
"Bu kateqoriyaya daxil olanların müavinətlərinin artırılması sosial məmnunluq yaradardı. Dövlətimizin mövcud iqtisadi və fiskal durumu da buna imkan verir. Artım olsa, yaşa görə sosial müavinət alan insanlar zəruri ehtiyaclarını daha rahat ödəyə bilərlər".
Ü.Şəfiyev deyib ki, Azərbaycanda sosial dövlət və sosial rifah dövləti quruculuğu istiqamətində belə bir addım mühüm əhəmiyyət daşıya bilər:
"İnklüziv cəmiyyət quruculuğunda heç bir sosial qrup kənarda qalmamalıdır. Əmək stajı və kifayət qədər pensiya kapitalı olmayan şəxslərin gələcəkdə pensiya hüququ əldə etməsi üçün də yeni mexanizmlər nəzərdən keçirilə bilər".
Sosioloq hesab edir ki, xüsusilə evdar qadınların uşağa qulluq etdiyi dövrün müəyyən müddət üçün əmək stajı kimi hesablanması mümkün variantlardan biridir:
"Belə bir mexanizm qadınların gələcək pensiya hüququ əldə etməsinə kömək etməklə yanaşı, demoqrafik artıma da müsbət təsir göstərə bilər. Evdar qadınların uşağa baxma dövrünün əmək stajı kimi hesablanması onların gələcəkdə pensiya hüququna malik olmasına kömək göstərərdi. Bir çox ölkələrdə bu istiqamətdə müxtəlif mexanizmlər tətbiq olunur".
İradə Elsevər






