Tələbələrə ictimai nəqliyyatda güzəşt olmalıdır – Ekspert

Son illərdə paytaxt Bakıda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi, infrastrukturun yenilənməsi və xidmət imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Lakin şəhər nəqliyyatının idarə olunması və xidmət keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, sərnişinlərin müxtəlif sosial qrupları, xüsusilə də gənclər üçün güzəştli mexanizmlərin tətbiqi məsələsi hər zaman aktuallığını qoruyur. Beynəlxalq təcrübədə tələbələrin sosial müdafiəsini gücləndirmək məqsədilə nəqliyyat xərclərinin azaldılması geniş yayılmış bir təcrübə olsa da, Azərbaycanda bu sistemin tətbiqi hələ gündəmdə deyil.
Sfera.az xəbər verir ki, iqtisadçı Asif İbrahimov tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını təklif edib.
Ekspert tələbələrə ictimai nəqliyyatda 50 faiz güzəşt olmasının onların xərclərini azaldacağını düşünür.

Onun sözlərinə görə, bu, dünyanın bir çox ölkəsində tətbiq olunan mexanizmdir və xüsusilə regionlardan Bakıya təhsil almağa gələn tələbələr üçün əhəmiyyətli sosial dəstək ola bilər.
İqtisadçı söyləyib ki, güzəştin BakıKart və elektron tələbə kartları ilə inteqrasiyası da mümkündür:
"Tələbənin aktiv statusu universitetin məlumat bazasından təsdiqləndikdən sonra güzəşt avtomatik tətbiq oluna bilər. İlkin hesablamalara əsasən, 50 faizlik güzəştin dövlət büdcəsinə illik yükü tələbələrin faktiki istifadə səviyyəsindən asılı olaraq 15-30 milyon manat civarında ola bilər".
O deyib ki, məsələyə yalnız nəqliyyat xərclərinin azaldılması kimi yanaşmaq düzgün deyil:
"Xüsusilə regionlardan Bakıya gələn tələbələr üçün universitetlərə yaxın ərazilərdə münasib qiymətə yaşayış imkanlarının məhdud olması nəqliyyat xərclərini də artırır".
Ekspert hesab edir ki, yataqxana və nəqliyyat siyasətinin birlikdə həyata keçirilsə, tələbələrin həm yaşayış, həm də gündəlik nəqliyyat xərclərini azaltmağa imkan verə bilər.
İradə Elsevər






