Bakıda piyada olmaq: Səkilər parklanma və ticarət yerinə çevrilib

Bakıda səkilərin avtomobillər, küçə ticarəti və müxtəlif obyektlər tərəfindən zəbt edilməsi piyadaların hərəkətini çətinləşdirir.
Nəqliyyat eksperti İlqar Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, küçə ticarəti dünyanın bir çox ölkəsində mövcuddur və inzibati qurumlar tərəfindən nəzarətdə saxlanılır.

Ekspertin sözlərinə görə, küçə ticarətinə yalnız müvafiq icra hakimiyyəti strukturlarının müəyyən etdiyi gün, vaxt və ərazilərdə icazə verilməlidir:
"Lakin restoran, xidmət sektoru və marketlər tərəfindən səkilərin uzun müddət zəbt olunması qanunauyğun hesab edilə bilməz. Piyadaların hərəkətinin və rahatlığının təmin olunması üçün yollar açılmalı, səkilər təmizlənməlidir. Bununla bağlı müvafiq icra hakimiyyəti strukturları öz mövqelərini ortaya qoymalıdırlar”.
Nəqliyyat eksperti Elməddin Muradlı isə deyib ki, əvvəlki illərlə müqayisədə səkilərin avtomobillər tərəfindən zəbt edilməsi halları azalıb. Onun sözlərinə görə, səkidə avtomobil park edilməsinə görə tətbiq olunan cərimələr sürücülərin bu qayda pozuntusundan çəkinməsinə təsir edib.

O, Bakıdakı piyada infrastrukturunun qısa müddətdə ideal vəziyyətə gətirilməsinin mümkün olmadığını da vurğulayıb:
"Küçə ticarətinin özü problem deyil, əsas məsələ onun düzgün tənzimlənməməsidir. Xüsusilə yay aylarında dondurma aparatları və soyuducuların səkilərdə yerləşdirilməsi piyadaların hərəkətinə mane olur. İnsanlar dolanışıq üçün bu işlə məşğul olurlar. Mən küçə ticarətinin əleyhinə deyiləm. Amma bunu səliqəli formada tənzimləmək daha yaxşı olardı”.
İradə Elsevər






