Ofisdə tükənən həyatlar: Uzun iş saatları insanı yorur

Azərbaycanda 6 günlük iş rejimi və uzun iş saatlarının geniş yayılması müşahidə edilir. Bəzi rəylərə əsasən, həftədə 40 saatdan çox işləmək əmək məhsuldarlığı ilə yanaşı, insanların sosial həyatına da təsir göstərir. Uzunmüddətli iş rejimi yorğunluq və motivasiya azalmasına səbəb olmaqla, iş və şəxsi həyat arasında balansın pozulmasına gətirib çıxara bilər.
Sfera.az xəbər verir ki, sosioloq Nail Cəlilin sözlərinə görə, uzun iş saatları insanların həm fiziki, həm də psixoloji vəziyyətinə təsir göstərir.
Sosioloqun fikrincə, iş vaxtının həddindən artıq olması insanın ailəsinə, istirahətinə və sosial münasibətlərinə ayırdığı zamanı məhdudlaşdırır:
"Əmək məhsuldarlığının artırılması üçün iş saatlarının çoxaldılması əsas meyar kimi qəbul edilməməlidir. Uzun müddət işləyən insanın yorğunluğu artdıqca diqqət və işə olan maraq da zəifləyə bilər. Bu isə nəticədə məhsuldarlığın aşağı düşməsinə səbəb olur".

N.Cəlil deyib ki, 6 günlük iş rejimində çalışan şəxslərin istirahət və şəxsi həyat üçün imkanları daha məhdud olur:
"Xüsusilə uzun yol məsafəsi, işdən sonra yaranan yorğunluq və əlavə məişət məsuliyyətləri nəzərə alındıqda, insanın özünə və ailəsinə ayırdığı vaxt kifayət qədər azalır".
Ekspert hesab edir ki, əmək münasibətlərində işçinin istirahət hüququ və sosial ehtiyacları da nəzərə alınmalıdır. Onun fikrincə, iş və şəxsi həyat arasında balansın qorunması həm insanların həyat keyfiyyətinə, həm də uzunmüddətli perspektivdə əmək səmərəliliyinə müsbət təsir göstərə bilər.
İradə Elsevər






