Bakı metrosunda YENİLİK: İSTİFADƏYƏ VERİLDİ

Bakı metrosunda xətlərin gələcəkdə ayrılması istiqamətində mühüm mərhələ tamamlanıb. “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi başa çatdırılıb və obyekt qismən istismara verilib.
Sfera.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov bildirib.

Onun sözlərinə görə, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin strateji əhəmiyyətli layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun həyata keçirilir.
Namiq Yusubov qeyd edib ki, “Dərnəgül” elektrik deposu “Yaşıl” və “Qırmızı” xətlərin ayrılması layihəsinin əsas hissələrindən biridir. Depo bundan sonra “Yaşıl xətt”ə müstəqil xidmət göstərəcək.
Baş mühəndisin sözlərinə görə, burada qatarların təmir-baxışı, texniki qulluğu və gecələməsi üçün müasir şərait yaradılıb. Bu da hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun fəaliyyətinin yüngülləşdirilməsinə imkan verəcək.
Namiq Yusubov bildirib ki, deponun tikintisi üçün ərazi hələ 1986-cı ildə ayrılsa da, əsas inşaat işlərinə 2025-ci ilin aprelində başlanılıb.
Qeyd edək ki, “Dərnəgül” elektrik deposunun tikintisi 3 mərhələdə həyata keçirilir. III mərhələ üzrə işlər davam etdirilir. Depo və ərazidəki yerüstü stansiyanın 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır.
Firuzə Əliyeva






