Yaşlı insanlar fırıldaqçılardan qorunmalıdır: "Xüsusi mexanizm hazırlanmalıdır"

Yaşlı insanlar fırıldaqçılardan qorunmalıdır: "Xüsusi mexanizm hazırlanmalıdır"
Kateqoriya məlum deyil
T

Azərbaycanda rəqəmsallaşma sürətləndikcə regional səviyyədə və yaşlı nəsil arasında internet təhlükəsizliyi məsələsi ciddi sosial-iqtisadi problemə çevrilir. Bu qrup kiberdələduzlar üçün ən çox hədəf seçilən və həssas təbəqədir.

Sfera.az xəbər verir ki, İT mütəxəssisi Elvin Abbasovun sözlərinə görə, yaşlı vətəndaşların rəqəmsal təhlükələrdən qorunması üçün maarifləndirmə tədbirləri genişləndirilməlidir.

O deyib ki, xüsusilə regionlarda yaşayan 55 yaşdan yuxarı vətəndaşların rəqəmsal savadlılıq səviyyəsinin artırılması vacibdir. Çünki bu yaş qrupuna daxil olan şəxslər internet və bank xidmətlərindən istifadə etsələr də, kiberhücum və dələduzluq üsullarını hər zaman düzgün qiymətləndirə bilmirlər:

"Kiberdələduzlar yaşlı insanları əsasən psixoloji təzyiq yolu ilə aldadırlar. Özünü bank əməkdaşı, polis və ya sosial yardım qurumunun nümayəndəsi kimi təqdim edən şəxslər vətəndaşlardan kart məlumatlarını, SMS kodlarını və digər məxfi məlumatları tələb edə bilirlər".

Ekspert söyləyib ki, belə halların qarşısının alınması üçün yalnız vətəndaşların maarifləndirilməsi kifayət deyil:

"Banklar və dövlət qurumları da yaşlı istifadəçilər üçün əlavə təhlükəsizlik mexanizmləri tətbiq etməlidirlər. Regionlarda ASAN xidmət, poçt şöbələri və digər dövlət xidmət məntəqələrində yaşlı vətəndaşlara rəqəmsal təhlükəsizliklə bağlı praktiki dəstək göstərilməsi effektiv nəticə verə bilər. Eyni zamanda televiziya və radio vasitəsilə sadə və anlaşıqlı formada kiberdələduzluq halları barədə mütəmadi məlumatlandırma aparılmalıdır".

Abbasovun sözlərinə görə, yaşlı şəxslərin böyük məbləğdə onlayn əməliyyatlar həyata keçirdiyi zaman əlavə təsdiqləmə mexanizmlərinin tətbiqi də onların dələduzluqdan qorunmasına kömək edə bilər:

"Bu baxımdan bankların müştərilərin yaş və risk profilini nəzərə alan təhlükəsizlik sistemləri yaratması əhəmiyyətlidir. Rəqəmsal xidmətlərin genişlənməsi ilə yanaşı, vətəndaşların rəqəmsal təhlükəsizliyi də prioritet istiqamətlərdən biri olmalıdır. Əks halda texnologiyanın yaratdığı rahatlıqdan ən çox faydalanmalı olan yaşlı insanlar kiberfırıldaqçıların əsas hədəflərindən birinə çevrilə bilərlər".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR