Osman Gündüz: "Bu, dövlət qurumlarının çevikliyini azalda bilər"

Osman Gündüz: "Bu, dövlət qurumlarının çevikliyini azalda bilər"
Kateqoriya məlum deyil
T

Dövlət qurumlarının rəqəmsal layihələrə ayırdığı vəsaitlər üzərində nəzarət gücləndirilir.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, Prezident tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna və digər qanunlara dəyişikliklər təsdiqlənib, onların tətbiqi ilə bağlı Fərman imzalanıb:

“Yeniliklərdən biri dövlət qurumlarının rəqəmsal inkişaf layihələrinin planlaşdırılması və maliyyələşdirilməsi üçün yeni razılaşdırma mexanizminin qanun səviyyəsində təsbit edilməsidir. Bu yanaşma tamamilə yeni deyil. 2025-ci ildə qəbul edilən “Rəqəmsal İnkişaf Konsepsiyası”nda dövlət informasiya sistemləri və elektron xidmətlər üzrə layihələrin maliyyələşdirilməsinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış rəyi əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdu. İndi isə bu mexanizm qanun səviyyəsinə qaldırılır və daha konkret prosedur müəyyən edilir. Yeni qanunlara görə dövlət qurumları növbəti il həyata keçirmək istədikləri rəqəmsal layihələri, tələb olunan vəsaiti və maliyyələşmə mənbəyini əvvəlcədən təqdim etməlidirlər”.

O bildirib ki, bütün dövlət qurumlarının rəqəmsal layihələrinin razılaşdırılmasında əsas səlahiyyət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. RİNN layihəyə texniki və səmərəlilik baxımından rəy verir. Dövlət investisiyası layihələri üzrə İqtisadiyyat Nazirliyinin də rəyi alınır, Maliyyə Nazirliyi isə maliyyə ekspertizası aparır. Vəsaitin ayrılması da RİNN ilə razılaşdırılır.

Osman Gündüz xüsusilə vacib məqamlardan birinin strateji sənədlərə və ölkənin vahid rəqəmsal arxitekturasına uyğun olmayan, həmçinin mövcud layihələri təkrarlayan rəqəmsal layihələrin müsbət rəy almamasının mümkünlüyü olduğunu bildirib:

“Xatırladıram ki, bir müddət öncə “vahid rəqəmsal arxitekturanın” qurulması ilə bağlı Prezident tərəfindən xüsusi tapşırıqlar verilmişdi. Görünən odur ki, hökumət bu istiqamətdə səylərini gücləndirir. Belə bir mexanizmə əslində çoxdan ehtiyac var idi. İllər ərzində müxtəlif dövlət qurumlarının bir-birindən ayrı mənasız sistemlər yaratması, eyni funksiyaların təkrar sifariş edilməsi, inteqrasiya problemləri və büdcənin oxşar həllərə dəfələrlə xərclənməsi ilə bağlı problemlər olub. On milyonlarla, hətta yüz milyonlarla vəsait xərclənən uğursuz İT layihələri olub”.

Onun fikrincə, yeni mexanizm düzgün tətbiq edilərsə, dublikat İT layihələrinin qarşısını ala, dövlət xərclərini optimallaşdıra və vahid rəqəmsal dövlət arxitekturasının formalaşmasını sürətləndirə bilər.

“Amma risklər də var. Üç qurumdan keçən razılaşdırma düzgün qurulmasa, yeni bürokratik mərhələyə çevrilə, rəqəmsal layihələrin icrasını ləngidə və dövlət qurumlarının çevikliyini azalda bilər”, – mütəxəssis bildirib.

Osman Gündüz sonda əlavə edib ki, yeni mexanizmin tətbiqi əlavə bürokratik prosedurlar yaratmamalı və rəqəmsal transformasiya proseslərini ləngitməməlidir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR