Bakıda sürücüləri kütləvi cərimələyən yeni radar? - DİN-dən AÇIQLAMA

Bakıda sürücüləri kütləvi cərimələyən yeni radar? - DİN-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bakının Zığ-Hava limanı yolunda sürücülərin kütləvi şəkildə cərimələndiyi və elektron tablonun arxasında yerləşdirilən qurğunun radar olduğu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, yayılan görüntülərdə yol kənarında avtomobilləri arxadan çəkən qurğunun sürət həddini aşan nəqliyyat vasitələrini müəyyən etdiyi və bunun nəticəsində sürücülərə elektron cərimələr tətbiq olunduğu iddia edilir.

Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən açıqlama verilib. Mərkəzin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil.

Onun sözlərinə görə, sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur. Qeyd edilib ki, cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır. Bu məlumatlardan yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.

Açıqlamada xüsusilə vurğulanıb ki, qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur. Beləliklə, Zığ-Hava limanı yolunda görüntülənən cihazın sürət həddini aşan sürücüləri avtomatik qeydə alaraq elektron cərimə yazması ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR