Sürət qatarlarında satılan şirələrlə bağlı iddia: Jurnalist AQTA-ya açıq müraciət etdi - VİDEO

Sürət qatarlarında satılan şirələrlə bağlı iddia: Jurnalist AQTA-ya açıq müraciət etdi - VİDEO
Kateqoriya məlum deyil
T

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sürət qatarlarında sərnişinlərə təqdim olunan meyvə şirələri ilə bağlı iddialar gündəmə gəlib.


Sfera.az xəbər verir ki, jurnalist, Ajans.az saytının baş redaktoru Tural Müseyibov sosial şəbəkə hesabında paylaşdığı videoda qatarlarda qida xidmətini həyata keçirən "PFM Catering" şirkəti tərəfindən üzərində istehsalçı, istehsal və son istifadə tarixi göstərilməyən plastik qablarda meyvə şirələrinin sərnişinlərə təqdim edildiyini iddia edib.


Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi elektron poçt vasitəsilə sorğu göndərilib. Lakin jurnalist bildirib ki, agentlik sorğunu cavablandırmaq əvəzinə müraciətin anonim olduğunu əsas gətirərək əlavə şəxsi məlumatlar tələb edib.


Bundan sonra Tural Müseyibov açıq müraciət yayaraq AQTA-ya bir sıra suallar ünvanlayıb. O, üzərində istehsal və son istifadə tarixi olmayan meyvə şirələrinin harada və hansı şəraitdə istehsal olunduğunu, bu məhsulların sonuncu dəfə nə vaxt yoxlanıldığını, laborator analizlərinin nəticələrinin ictimaiyyətə açıqlanıb-açıqlanmayacağını soruşub.


Jurnalist, həmçinin bu cür markalanmayan qida məhsullarının sərnişinlərə təqdim edilməsinin qanunvericiliyə uyğun olub-olmadığına və AQTA-nın "PFM Catering" şirkətinin təqdim etdiyi məhsulların təhlükəsizliyinə rəsmi zəmanət verib-vermədiyinə aydınlıq gətirilməsini istəyib.
Tural Müseyibov Agentliyi vətəndaşların sağlamlığı ilə bağlı bu məsələyə operativ reaksiya verməyə və sualları rəsmi şəkildə cavablandırmağa çağırıb.


Qeyd: Yazıda yer alan məlumatlar jurnalist Tural Müseyibovun səsləndirdiyi iddialara əsaslanır. Məsələ ilə bağlı AQTA, ADY və ya "PFM Catering" şirkətinin rəsmi mövqeyi açıqlanacağı təqdirdə xəbər yenilənəcək.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR