Azərbaycanda siqaret çəkənlərin sayı bəlli oldu

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 15,4 faizi siqaret istifadəçisidir.
Sfera.az xəbər verir ki, rəsmi statistikaya əsasən, siqaret çəkənlərin xüsusi çəkisi yaş artdıqca yüksəlir.
Belə ki, 15-19 yaş qrupunda bu göstərici 0,3 faiz, 20-44 yaş arasında 15,3 faiz, 45-64 yaş arasında 21,4 faiz təşkil edir. 65 yaş və yuxarı əhali arasında isə siqaret çəkənlərin payı 14,9 faizdir.
Məcmuədə qeyd olunur ki, siqaret istifadəçiləri bu vərdişə orta hesabla 22,7 yaşında başlayırlar. 15-19 yaş qrupunda siqaretə başlama yaşı orta hesabla 16,7, 20-44 yaş arasında 21,7, 45-64 yaş arasında 23,5, 65 yaş və yuxarı əhali arasında isə 23,7 yaş göstərilib.
Statistikaya görə, siqaret çəkənlər gündə orta hesabla 15,6 ədəd siqaret istifadə edirlər. Gündə 20 ədəddən çox siqaret çəkənlərin payı isə 7,3 faiz təşkil edir./Modern.az






