Mənzildən imtina edən məcburi köçkün evdən çıxarılacaq? – Deputatdan AÇIQLAMA

Məcburi köçkünlərlə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, vətəndaş ona təklif edilən yaşayış yerindən imtina etsə belə, məcburi köçkün statusuna xitam veriləcək.
Qanun qüvvəyə minənədək işğaldan azad edilmiş ərazilərdə əvvəlki yaşayış yerinin əvəzinə yeni mənzillə təmin olunmuş məcburi köçkünlərin statusuna qanunun qüvvəyə mindiyi tarixdən xitam veriləcək.
Maraqlıdır, ev sahibi belə olan hallarda nə etməlidir? Vətəndaşın bu cür mövqe sərgiləməsi nə dərəcədə doğrudur? Məcburi köçkün statusu şəxsin başqasının əmlakından istifadə hüququnu davam etdirmək üçün əsas yarada bilərmi?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünə dövlət tərəfindən əvvəllər yaşadığı məntəqədə mənzil təklif olunur.

Təklif olunan mənzili qəbul edən şəxs həmin mənzilə mülkiyyət hüququ əldə edir.
Deputatın sözlərinə görə, vətəndaş dövlət tərəfindən təqdim edilən mənzildən imtina edərsə, həmin andan məcburi köçkün statusunu itirir. Bu halda əvvəl yaşadığı mənzilin sahibi məhkəməyə müraciət edərək həmin şəxsin mənzildən çıxarılmasını tələb edə bilər.
Məhkəmənin qərarı əsasında isə icra məmurları qərarın yerinə yetirilməsini təmin edir.
Deputat sonda əlavə edib: "Təklif olunan mənzildən imtina edən şəxs mənzillə bağlı imtiyazlarını dərhal itirir. Lakin sosial yardım, işlə təminat və övladlarının təhsili ilə bağlı güzəştlər kimi digər dövlət dəstəyi 3 il müddətində qüvvədə qalır".
Xatırladaq ki, "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı mərhələli şəkildə həyata keçirilir. Təklif olunan qanun dəyişiklikləri də bu prosesin hüquqi tənzimlənməsinə xidmət edir.
İradə
Sfera.az






