Onu varlı övladları da qurtara bilmədi - Səkidə ölən səfil kim idi?

Həyatın elə qəribə, acı ssenariləri olur ki, kənardan baxanda sadəcə bir insan həyatı görürük, amma pərdənin arxasındakı faciəni əsla təsəvvür edə bilmirik...
İnsan taleyi bəzən elə qəribə burulğana düşür ki, ən ağlasığmaz ziddiyyətlər eyni ömrə sığışır. Bu gün eşitdiyim bir xəbər də məhz həmin faciəli burulğanın bir nümunəsi idi.
Bu gün məhəlləmizdə hamının sakit, zərərsiz, öz aləmində tanıdığı bir adamın ölüm xəbərini aldıq. Bir ömrün bəlkə də sadəcə ilk yarısını yaşayan bir adam… İllərlə müxtəlif dövlət vəzifələrində işləyən, övladlarına ali təhsil, diplomlar, imkanlı həyat, var-dövlət bəxş edən bir atanı indi yamaq-yamaq olmuş paltarlarda, içkiyə qurşanmış halda görmək məni dərindən sarsıdırdı.
Axı onu bu həyatı yaşamağa vadar edən nə idi?
Bu şəxsin əslində kim olduğunu, bu küçələrə necə düşdüyünü heç kim tam bilmirdi. Hər gün səssizcə əncir ağacının altında oturub yerə baxırdı. Sadəcə yerə… İllərdir onu belə görürdük Bir müddətdən sonra insan öyrəşir. Elə bil küçənin ağacı, skamyası, divarı kimi həmin adam da məhəllənin dəyişməyən mənzərəsinə çevrilmişdi Var-dövlət, ziyalı övladların heç biri onu küçələrdən, səfil həyatdan qopara bilmədi. Düz on iki il… On iki il yayda günün altında, qışda şaxtanın içində, yağışın, küləyin qoynunda yaşayıb. Öz-özümə düşünürdüm ki, insan niyə evini qoyub küçəni seçər? Bu sualı ona bir dəfə yox, bir neçə dəfə verdim. Hər dəfə də eyni mənzərəni görürdüm. Gözləri dolurdu. Başını aşağı salırdı. Sanki danışmaq istəyirdi, amma boğazında ilişib qalan sözlər ona imkan vermirdi. Dodaqları tərpənirdi, amma səsi çıxmırdı. Sonra da söhbəti dəyişirdi.
İndi düşünürəm ki, bəzən susmaq danışmaqdan daha ağır olur. Çünki bəzi ağrıları sözlə ifadə etmək olmur. Onları nə danışmaq olur, nə də unutmaq. Bu gün o adam həmin mənəvi ağrılarını da özü ilə apardı. Heç nəyi olmadan gəldiyi bu dünyadan yenə heç nəyi olmadan, səssizcə köçüb getdi. Bir də heç kimin bilmədiyi sirrlərlə…
Onun ölümü mənə küçələrdə yaşayan bütün insanları xatırladıb. Biz hər gün onların yanından ötüb keçirik. Bəzən baxmadan, bəzən ikrahla. Bəzən də özümüzü inandırırıq ki, onlar bu həyatı özləri seçiblər. Halbuki heç kimin taleyini bir baxışla oxumaq olmur. Kimisi bir gecədə hər şeyini itirib. Kimisi ən doğma adamının xəyanətindən sonra həyata üz çevirib. Kimisi isə elə bir dərd yaşayıb ki, o dərdin ağırlığı altında ayaqda belə qala bilməyib…
Küçədə gördüyümüz adamlar bəzən sadəcə evsiz insanlar olmurlar. Onlar yarımçıq qalmış həyatların, arzuların canlı şahidləridirlər. Əsl səbəb isə insanın içində illərlə qanayan, heç kimin görmədiyi yaralardır. Bu gün anladım ki, həmin adamın bədəni illərlə bizim məhəllədə dolaşsa da, ruhu çoxdan başqa yerdə idi. Bəlkə də heç vaxt geri dönə bilmədiyi bir gündə, unuda bilmədiyi bir xatirədə…
Biz çox tez hökm veririk. Amma heç vaxt bilmirik ki, qarşımızdakı insan hansı savaşdan çıxıb. Bəzən diplom da kömək etmir. Vəzifə də. Pul da. Hətta ailə də. Çünki insanı bəzən aclıq yox, ümidin ölməsi məhv edir. Bu gün məhəlləmizdən səssiz bir adam köçüb getdi. Bəlkə də özü ilə birlikdə heç vaxt öyrənə bilməyəcəyimiz bir ömrün sirrini də apardı. Onun ölümü mənə bir həqiqəti bir daha xatırlatdı ki, heç bir insanı yalnız bu gününə baxıb qiymətləndirmək olmaz. Çünki bəzən ən böyük faciələr ən səssiz insanların içində yaşayır.
Bəsti Rəfizadə






