Boşananların sayı 2 dəfəyədək artıb - STATİSTİKA

Azərbaycanda nikahların sayı azalmaqda davam edir. Cari ilin ilk beş ayında bağlanan nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalarkən, boşanmaların sayında cüzi enmə qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı son demoqrafik göstəricilərdə bildirilir.
Məlumata görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib.
Diqqət çəkən məqam ondan ibarətdir ki, nikahların sayı boşanmalarla müqayisədə daha sürətlə azalır. Belə ki, ilk beş ayda qeydə alınan nikahların sayı boşanmaların sayından cəmi 7 min 20 nəfər çox olub.
Dövlət Statistika Komitəsinin illik məlumatları göstərir ki, son beş ildə ölkədə nikahların sayı davamlı şəkildə azalır.
Statistikaya əsasən, 2022-ci ildən sonra nikahların sayı ardıcıl üç il azalıb. Əgər 2022-ci ildə 61 min 939 cütlük ailə qurmuşdusa, 2025-ci ildə bu göstərici 48 min 546-ya düşüb. Bu isə üç il ərzində təxminən 13 min 400 nikahın azalması deməkdir.
Boşanmaların sayında isə fərqli mənzərə müşahidə olunur. 2022-ci ildə 15 min 983 olan boşanma sayı 2023-cü ildə kəskin artaraq 21 min 688-ə çatıb. Sonrakı iki ildə cüzi azalma qeydə alınsa da, göstərici hələ də 20 min həddinin üzərində qalır.
Mütəxəssislərin fikrincə, nikahların azalmasına iqtisadi çətinliklər, mənzil problemi, gənclərin evlənmə yaşının yüksəlməsi və sosial amillər təsir göstərir. Bununla yanaşı, boşanmaların yüksək səviyyədə qalması ailə institutunun mövcud problemlərlə üzləşdiyini göstərən əsas göstəricilərdən biri hesab olunur.
Firuzə Əliyeva
Sfera.az
