Bu şəxslərin iş saatı artırıla bilməz - Ali Məhkəmədən MƏLUMAT

Bu şəxslərin iş saatı artırıla bilməz - Ali Məhkəmədən MƏLUMAT
Kateqoriya məlum deyil
T

Əmək münasibətlərində işçinin qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etməsi yalnız onun müraciətindən və ya təşəbbüsündən asılı deyil. İşəgötürən işçinin əmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şəraiti yaratmalı və qanunvericiliklə müəyyən edilmiş təminatları tətbiq etməlidir.

Sfera.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Məlumata görə, bəzi hallarda işəgötürənlər işçinin əlilliyi və ya digər xüsusi statusu barədə məlumat vermədiyini, yaxud müvafiq sənədləri təqdim etmədiyini əsas gətirərək qanunla nəzərdə tutulmuş təminatları tətbiq etmədiklərini bildirirlər. Ali Məhkəmə isə vurğulayıb ki, bu yanaşma əmək qanunvericiliyinin məqsədlərinə uyğun deyil.

Qeyd olunub ki, Ali Məhkəmənin baxdığı əmək mübahisələrindən birində ikinci qrup əlilliyi olan işçinin uzun müddət həftədə 40 saat işlədiyi müəyyən edilib. Halbuki qanunvericiliyə əsasən, bu kateqoriyadan olan işçilər üçün həftəlik iş vaxtı 36 saatdan artıq ola bilməz. İşəgötürən işçinin əlilliyi barədə məlumatsız olduğunu bildirsə də, məhkəmələr bu arqumenti əsaslı hesab etməyib və işçinin normadan artıq işlədiyi saatlara görə əlavə əmək haqqı tələbi təmin olunub.

Ali Məhkəmə bildirib ki, işçi hüquqi biliklərinin məhdud olması səbəbindən qanunun ona verdiyi bütün əmək hüquqlarını və təminatlarını bilməyə, yaxud malik olduğu hüquqi statusun əmək münasibətlərində hansı nəticələr doğurduğundan xəbərsiz olmağa bilər. Buna görə də əmək qanunvericiliyi işəgötürənin üzərinə aktiv öhdəlik qoyur.

Qeyd edilib ki, işəgötürən əmək müqaviləsi bağlanarkən və əmək münasibətləri dövründə işçinin hüquqi statusunu müəyyən etməli, bununla bağlı zəruri məlumatları toplamalı və qanunvericilikdən irəli gələn təminatları tətbiq etməlidir. İşçinin bunu xatırlatmaması və ya ayrıca tələb etməməsi işəgötürənin öhdəliklərini aradan qaldırmır.

Ali Məhkəmə vurğulayıb ki, "işçi bizə məlumat verməmişdi" və ya "sənəd təqdim etməmişdi" kimi arqumentlər işəgötürənin qanunvericilikdən irəli gələn məsuliyyətini aradan qaldırmır.

Məhkəmə işə qəbul zamanı işəgötürənlərin işçinin əlilliyi və ya əmək təminatları yaradan digər statuslarının olub-olmadığını, bunu təsdiq edən sənədlərin mövcudluğunu, həmçinin həmin statusa uyğun iş vaxtı, məzuniyyət və digər əmək təminatlarının düzgün tətbiq olunmasını dəqiqləşdirməsinin vacibliyini də xatırladıb.

Bildirilib ki, qanunla nəzərdə tutulmuş təminatların vaxtında və düzgün tətbiqi həm işçilərin hüquqlarının və sosial ədalətin təmin olunmasına, həm də gələcək əmək mübahisələrinin qarşısının alınmasına xidmət edir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ