Universitet müəllimləri də sertifikasiyadan keçəcək? - AÇIQLAMA

"Ali təhsil müəssisələrində çalışan müəllimlər hər ilin sonunda fəaliyyətləri ilə bağlı hesabat təqdim edirlər. Bu hesabatlar əsasında onların reytinq göstəriciləri müəyyənləşdirilir. Reytinq hesablanarkən müəllimlərin nəşr etdirdiyi elmi məqalələr, çap olunan kitablar, iştirak etdikləri elmi konfranslar, məqalələrinə edilən istinadların sayı, aldıqları mükafatlar, medallar və digər təltiflər, eləcə də tezisləri, yerli və beynəlxalq konfranslardakı iştirakları nəzərə alınır. Bütün bu göstəricilər toplu şəkildə qiymətləndirilir və yekun reytinq formalaşdırılır".
Sfera.az bildirir ki, bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev universitet müəllimlərinin də orta məktəb müəllimləri kimi sertifikasiyadan keçirilməsi barədə təklifə münasibət bildirərkən səsləndirdi.
Müsahibimiz əlavə etdi ki, bəzi universitetlər bu reytinq əsasında müəllimlərin əməkhaqlarına əlavələr edirlər, bəziləri isə universitetin ümumi reytinqinin yüksəldilməsi məqsədilə həmin göstəricilərdən istifadə edirlər:
"Düşünürəm ki, bu cür göstəricilər artıq bütün ali təhsil müəssisələrində təqdim olunduğuna görə, ali təhsil müəssisələrində çalışan müəllimləri bu baxımdan ayrıca qiymətləndirməyə və ya yoxlamağa elə də ehtiyac yoxdur. Çünki ali təhsil müəssisələrində çalışan müəllimlər daha çox elmi fəaliyyətləri ilə seçilir, elmi potensialları əsasında fərqlənirlər. Onlar yalnız tədrislə deyil, eyni zamanda elm və tədqiqat fəaliyyəti ilə də məşğul olurlar".
Ekspertin fikrincə, onların reytinq göstəricilərini izləmək və qiymətləndirmək əsasında fəaliyyətləri haqqında müəyyən nəticələr çıxarmaq, eləcə də müvafiq qərarlar qəbul etmək mümkündür.
