Sİ inkişaf etmiş ölkələrin sayını azaldacaq? - AÇIQLAMA

Süni intelektin inkişaf etməkdə olan ölkələr üçün bir maneə olacağı iddia edilir.
Bu iddiaya görə, süni intelekt texnologiyaları inkişaf etməkdə olan ölkələrin real böyüməsini çətinləşdirəcək, onların inkişaf etmiş ölkəyə çevrilməsinə maneə yaradacaq.
Bəs bu iddialar nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Sfera.az-a açıqlama verib.

O bildirib ki, süni intellektin inkişaf etməkdə olan ölkələr üçün maneəyə çevriləcəyi iddiaları iqtisadi baxımdan kifayət qədər ciddi əsaslara malikdir:
“Əsas risk ənənəvi inkişaf modelinin sıradan çıxmasıdır. Tarixən dövlətlər ucuz işçi qüvvəsinə əsaslanan istehsal sayəsində zənginləşirdilər. İndi isə inkişaf etmiş ölkələr robotlaşdırma vasitəsilə istehsal xərclərini azaltdığı üçün istehsalı yenidən öz ölkələrinə qaytarırlar. Bu tendensiya inkişaf etməkdə olan ölkələri kütləvi iş yerləri yaratmaq şansından məhrum edir. Digər təhlükə isə "rəqəmsal asılılıq" və kapitalın mərkəzləşməsidir. Süni intellekt texnologiyaları nəhəng maliyyə, hesablama gücü və böyük verilənlər bazası tələb edir ki, bu resurslar da hazırda ABŞ və Çinin bir neçə texnologiya nəhənginin əlində cəmləşib. İnkişaf etməkdə olan ölkələr öz yerli həllərini qura bilmədikdə, bu xarici sistemlərin sadəcə asılı istehlakçısına çevrilirlər və lisenziya xərcləri şəklində daxili kapital xaricə axır”.
E.Abbasov bu prosesin həm də böyük fürsət olduğunu açıqlayıb:
“İqtisadiyyatda "mərhələni adlama" effekti sayəsində bu ölkələr köhnə və ağır sənaye infrastrukturu qurmaq mərhələsini keçərək, birbaşa ən son rəqəmsal həlləri tətbiq edə bilərlər. Məsələn, kənd təsərrüfatı, səhiyyə və idarəçilikdə süni intellektin çevik tətbiqi, xroniki kadr və resurs çatışmazlığını qısa zamanda aradan qaldırmağa imkan verir. Yekun olaraq, süni intellekt öz-özlüyündə bir maneə deyil, mövcud rəqabət şərtlərini kəskinləşdirən alətdir. Proses passiv qalan ölkələr üçün geriliyi daha da dərinləşdirəcək, lakin vaxtında insan kapitalına sərmayə qoyan və daxili ehtiyaclarına uyğun milli strategiya yürüdən ölkələr üçün inkişaf etmiş dövlətlər sırasına sıçramaq üçün tarixi imkan yaradacaq”.
Bəsti Rəfizadə
Sfera.az
