Sosial şəbəkələrdə belə paylaşım edənlərə cinayət işi açıla bilər

Son illər sosial şəbəkələrdə şəxsi həyatın toxunulmazlığını pozan paylaşımlar, insanların şəkil və videolarının icazəsiz yayılması, təhqir, böhtan və nüfuzdan salmağa yönəlmiş paylaşımlar nəzərəçarpacaq dərəcədə artıb. Bir çox istifadəçi virtual məkanda yazılan və paylaşılan məlumatların hüquqi məsuliyyət yaratmadığını düşünsə də, qanunvericilik bu cür əməllərə görə həm mülki, həm inzibati, həm də müəyyən hallarda cinayət məsuliyyəti nəzərdə tutur.
Bir çox istifadəçi bunu ifadə azadlığı kimi qiymətləndirsə də, qanunvericilik bu məsələyə necə yanaşır? Bu cür əməllərə görə hansı hallarda inzibati, mülki və ya cinayət məsuliyyəti yaranır? Praktikada bu səbəbdən məsuliyyətə cəlb olunan şəxslər varmı və məhkəmələr belə işlər üzrə daha çox hansı qərarları qəbul edir?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub:
“Bu maddəyə əsasən, informasiya resurslarında saxta məlumatların yayılması, o cümlədən şəxsin şərəf və ləyaqətini ləkələyən və ya işgüzar nüfuzuna xələl gətirən məlumatların internet informasiya ehtiyatlarında yayılması qanunvericiliklə cinayət əməli hesab olunur. Eyni zamanda, şəxsin foto və ya video görüntülərinin onun razılığı olmadan əldə edilməsi, saxlanılması, yayılması və ya paylaşılması da qanunvericiliklə qadağandır. Belə hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Bu norma şəxsin şəxsi və ailə həyatının toxunulmazlığının, eləcə də şəxsi məlumatlarının qanunsuz yayılmasının qarşısının alınmasına xidmət edir.
Həmin maddənin sanksiyasına əsasən, bu əməli törədən şəxs 1000 manatdan 1500 manatadək məbləğdə cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası ilə cəzalandırıla bilər. Əməlin törədilmə üsulundan, nəticələrindən və digər hallardan asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş daha ağır hüquqi məsuliyyət tədbirləri də tətbiq oluna bilər” , - deyə hüquqşünas fikrini tamamlayıb.
