Şuşa: Xəyal etdiyim şəhərlə ilk görüş - FOTOLAR

Şuşa: Xəyal etdiyim şəhərlə ilk görüş - FOTOLAR
Kateqoriya məlum deyil
T

Bəzən elə bir yol olur ki, ora çatana qədər qət etdiyin məsafəni yox, keçirdiyin hissləri hesablayırsan. Şuşaya gedən yol mənim üçün məhz belə idi.

Şuşa işğaldan azad olunandan bəri bu şəhərə getmək ən böyük arzularımdan olub. Bunu məni tanıyan hər kəs bilir. İllərlə xəbərlər hazırladım, reportajlar izlədim, fotolara baxdım, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşadan etdiyi çıxışları dinlədim. Amma bütün bunlar insanın həmin torpağa ilk dəfə ayaq basacağı anın həyəcanını təsvir etməyə kifayət etmir...

Avtobus Şuşaya yaxınlaşdıqca həyəcanım daha da artırdı. Pəncərədən görünən dağlar, sıldırım qayalar, döngələr... Və nəhayət, əzəmətli Şuşa.

Bu şəhər təkcə qədim memarlığı, təbiəti və tarixi ilə deyil, yerləşdiyi strateji mövqeyi ilə də Azərbaycanın ürəyidir. Elə buna görə də illərlə düşmənin əsas hədəflərindən biri olmuşdu. Məhz bu yüksəklikdən ətraf ərazilərə nəzarət etmək mümkündür. Şuşaya baxanda insan bir daha anlayır ki, bu şəhərin hər daşı niyə bu qədər böyük əhəmiyyət daşıyır.

Şuşanın küçələrində addımlayarkən istər-istəməz 44 günlük Vətən müharibəsi göz önündən keçir. Sıldırım qayaları dırmaşaraq tarix yazan qəhrəmanlarımız, canını Vətən uğrunda fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz yada düşür. Bu küçələrdə gəzmək sadəcə bir turist səfəri deyil. Burada hər addım insana böyük bir zəfərin hansı qiymətə qazanıldığını xatırladır.

Şuşa qalasının qarşısında dayananda uzun müddət o əzəmətə tamaşa etdim. O qala divarları əsrlərin şahididir. Sonra yolumuz Yuxarı Gövhər Ağa məscidinə düşdü. Bərpa olunmuş məscidin həyətində dayanarkən qəribə bir rahatlıq hiss etdim. Düşündüm ki, illər boyu susdurulmağa çalışılan bu şəhərdə bu gün yenidən azan səslənir, həyat qaynayır, insanlar rahat şəkildə gəzir. Bundan böyük qürur hissi ola bilməz.

Sonra yolumuz Zəfər abidəsinə düşdü. Burada dayananda insanın ağlına ilk gələn 44 günlük Vətən müharibəsi olur. Abidənin qarşısında insan istər-istəməz başını aşağı əyir və daxilən "Minnətdaram..." deyir.

Şuşanın daş küçələri, tarixi binaları, hər küncdən görünən dağ mənzərəsi sanki adama deyir ki, bu şəhər heç vaxt ruhunu itirməyib. O, sadəcə öz sahiblərini gözləyirmiş.

Vaxtımız məhdud idi. Buna görə Cıdır düzü, İsa bulağı və görmək istədiyim bir çox məkanı bu dəfə ziyarət edə bilmədim. Amma qəribədir, buna görə məyus olmadım. Çünki bu, vidalaşmaq deyildi. Bu, ilk görüş idi.

Bu səfər mənim üçün sadəcə ezamiyyət və ya jurnalist proqramı olmadı. Bu, illərlə ürəyimdə gəzdirdiyim bir arzunun gerçəkləşməsi idi.

Şuşadan ayrılarkən bir fikri özümlə apardım: bu torpaqlar bizə asan qayıtmayıb. Bu gün burada rahat addımlaya biliriksə, bunu şəhidlərimizin qəhrəmanlığına, qazilərimizin fədakarlığına, Ordumuzun şücaətinə və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərə borcluyuq.

Şuşanı görmək başqa, onu yaşamaq tamam başqadır.

Arzu edirəm ki, Şuşanı hələ görməyən hər kəs bu hissi yaşasın. Çünki bəzi duyğuları nə şəkil çatdırır, nə video, nə də söz...

Onları yalnız Şuşa özü danışa bilir.

Mən ilk dəfə getdim. Amma əminəm ki, sonuncu dəfə deyildi.

Bir daha görüşənədək, əzəmətli Şuşa...

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ