Yayda qida zəhərlənməsinə səbəb olan məhsullar açıqlandı – XƏBƏRDARLIQ

Yay mövsümündə havaların isti keçməsi qida məhsullarında bakteriya və digər mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Nəticədə qidalar daha tez xarab olur və qida zəhərlənməsi riski artır.
Sfera.az xəbər veriir ki, son günlər Azərbaycanda da qida zəhərlənməsi halları qeydə alınıb. Belə ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfər, iyulun 14-də Gəncə şəhərində 3 nəfər, iyulun 15-də isə Samux rayonunda 12 nəfər qidadan zəhərlənib.
Bəs yay aylarında ən çox hansı qidalar zəhərlənmələrə səbəb olur?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən azxeber.com-un sorğusuna cavab olaraq bildirilib ki, mayonezli salatlar və kremli şirniyyatlar isti hava şəraitində daha tez xarab olur:
"Yay aylarında xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, mayonezli salatlar və kremli şirniyyatlar isti hava şəraitində daha tez xarab olur. Bu səbəbdən həmin məhsulların saxlanma temperaturuna və yararlılıq müddətinə xüsusi diqqət yetirilməlidir”.
AQTA vətəndaşlara qida məhsullarını alarkən qablaşdırılmasına, istehsal və son istifadə tarixlərinə diqqət yetirməyi tövsiyə edib:
"Vətəndaşlara qida məhsullarını alarkən qablaşdırılmasına, istehsal və son istifadə tarixlərinə diqqət yetirməlidirlər Həmçinin hazır və çiy məhsulların ayrı-ayrı qablarda saxlanılması, qidaların uyğun temperatur rejimində qorunması və şəxsi gigiyena qaydalarına riayət olunmasının qida mənşəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb”.
"Açıq havada keçirilən tədbirlər, pikniklər və uzunmüddətli səfərlər zamanı tez xarab olan qidalar mütləq soyuq şəraitdə saxlanılmalı, onların günəş altında uzun müddət qalmasına yol verilməməlidir”,- deyə qurumdan bildirilib.
