Çimmərliklərdəki gizli təhlükə: Dəniz niyə qəfil dərinləşir?

Yay mövsümündə Xəzər sahillərində dincələnlərin sayı artdıqca boğulma xəbərləri də çoxalır. Dənizdə batma faktları çoxaldıqca müxtəlif iddialar da irəli sürülür. Bu iddialardan biri də dəniz dibi səthinin pozulması ilə bağlıdır.
Dənizdə çimən bəzi şəxslərin iddialarına görə, dənizin sahilə yaxın hissəsində dib formasını itirərək "pilləkən" şəklinə düşüb. Səthin bu cür olması isə üzmə qabiliyyəti olmayan şəxslərin dənizdə batması riskini artırır. İnsanlar əvvəlcə dayaz suda hərəkət edir, lakin bir neçə addımdan sonra qəfil dərinliyə düşürlər. Bu isə xüsusilə üzməyi zəif bacaran şəxslər üçün ciddi təhlükə yaradır.
Bəs dənizin dibi niyə belə olub? Bu vəziyyət əvvəllər də var idi, yoxsa son illərdə sahil relyefində dəyişikliklər baş verib?
Sfera.az-a açıqlamasında AMEA Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, həqiqətən, son dövrlərdə suda boğulanların sayı durmadan artır, amma bunun səbəbini yalnız bir amillə əlaqələndirmək düzgün olmazdı.
Onun sözlərinə görə, burada bir neçə amil var:
“Doğrusu, mən ilk dəfədir eşidirəm ki, dəniz dibi "pilləkən" kimi olub. Əgər belə bir nəticə varsa, ona səbəb olan əsas amil dəniz suyunun get-gedə çəkilməsidir. 20 və ya 30 il bundan əvvəlki sahil xəttinə baxsaq, görərik ki, dəniz bəzi yerlərdə 100-200 metr, bəzi yerlərdə isə hətta 300 metr geri çəkilib. Xüsusilə çimərlikdən kənar olan ərazilərdə, adətən, dəniz səviyyəsi normal olanda insanların üzdüyü yerlər sahilə daha yaxın olurdu. İndi o sahil xətti dənizə doğru çəkildiyi üçün artıq əvvəllər suyun altında qalan qeyri-müəyyən sahələr üzə çıxır. Həmin ərazilərdə əvvəllər ancaq üzməyi çox yaxşı bilən insanlar gedib üzürdülər. İndi isə həmin dərin ərazilər sahilə yaxınlaşdığı üçün insanlar üçün təhlükə mənbəyinə çevrilib. Bu, əsasən çimərlik üçün nəzərdə tutulmayan ərazilərə aiddir”.

S.Səfərov qeyd edib ki, icazə verilən çimərliklərin özlərində də boğulma halları baş verir:
“Bunun səbəbi şəxsi amillərlə də əlaqədar ola bilər. Belə ki, çimərlikdən istifadə edən insan spirtli içki qəbul etmiş ola bilər və ya çimdiyi zaman qəfildən huşunu itirə bilər. Buna görə də, adətən, küləkli günlərdə çimmək qətiyyən tövsiyə edilmir. Çünki külək dalğaları sahilə doğru gətirir və sahilə yaxın hissədə elə bir relyef forması ola bilər ki, gətirilən suyun bir hissəsi orada yığılıb qalar. İnsan bunu kənardan görmür, çünki suyun altındakı qum buna imkan vermir. Su müəyyən miqdarda yığıldıqdan sonra, birdən-birə haradansa elə bil deşik açılır və toplanan su çox böyük sürətlə geri qayıdır. Elə bilin ki, bir hovuzdur, doldurulub və birdən onun dibindəki tıxacı çıxaranda oradan böyük təzyiqlə su sovrulur. Bu da ona oxşar bir hadisədir, yəni güclü əks-axın (yırtıcı axın) yaranır. Dar və ensiz bir zolaqda güclü əks-axın formalaşır. Heç bəlkə də o sahə çox dərin olmur, suyun səviyyəsi insanın boğazından aşağı olsa belə, adam birdən-birə hiss edir ki, axın onu dənizə doğru çəkir. O, instinktiv olaraq axına qarşı üzməyə çalışır, lakin bunun öhdəsindən gələ bilmədiyi üçün tez yorulur, haldan düşür və suya təslim olur. Əsas səbəblərdən biri budur. Bu hadisə təkcə bizim sahillərdə olmur. Dağıstan ərazisində – Maxaçqalada və Dərbənddə də belə hallarla tez-tez rastlaşırıq”.
Mütəxəssis nəzərə çatdırıb ki, sahil ərazisində insanların birdən-birə dərinliyə düşməsinin başqa bir səbəbi də ola bilər:
“Son dövrlərdə internet səhifələrində gördüm ki, haralardasa dəniz dibi müəyyən səbəblərdən qazılır. Oradan dəniz çöküntüləri, tikinti üçün qum kimi materiallar götürürlər. Onun yeri boş qaldığı üçün orada çimən insan irəliləyərkən birdən-birə həmin dərin boşluğa düşə bilər. Bu da gözlənilməz bir hal olduğu üçün xüsusilə üzməyi bacarmayan insanlara böyük təhlükə yaradır. Hətta üzməyi yaxşı bilən adamlar da çaşa bilərlər ki, axı burada, adətən, dərinlik olmamalı idi, niyə birdən-birə batdım?”.
Coğrafiya elmləri doktoru insanları istənilən halda küləkli hava şəraitində dənizə girməməyə çağırıb:
“Bu nöqteyi-nəzərdən, xüsusilə son günlər müşahidə olunan küləkli hava şəraitində insanların dənizdə çimməsi təhlükəsini kəskin artırır. İmkan daxilində belə havalarda dənizdə çimmək məsləhət görülmür. Suda batan insanların acı taleyini görüb digərləri də fikirləşməlidir ki, küləkli havada dənizə girmək son dərəcə təhlükəlidir”.
Firuzə Əliyeva

