Ünvanlı yardım kimlərə verilir? – Məbləğ və şərtlər

Azərbaycanda aztəminatlı ailələrə dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı verilir. Bu yardımın təyin olunması üçün ailənin gəliri və sosial vəziyyəti qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun olmalıdır.
Bəs bu yardımı kimlər ala bilir?
Sfera.az xəbər verir ki, ünvanlı dövlət sosial yardımı müraciətdən əvvəlki son 12 ay ərzində hər bir ailə üzvünə düşən orta aylıq gəliri ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə təyin edilir.
Qanunvericiliyə əsasən, ailə üzvünün əmək qabiliyyətini itirməsi, əlilliyi olan şəxsə və ya 8 yaşınadək uşağa qulluq edilməsi, 23 yaşadək ailə üzvünün əyani təhsil alması, işsizlikdən sığorta ödənişi alınması, ailə başçısının və ya digər ailə üzvünün vəfat etməsi, azadlıqdan məhrum edilməsi, itkin düşməsi və ya olduğu yerin məlum olmaması kimi hallar sosial yardım almaq hüququ yarada bilər.
Ünvanlı dövlət sosial yardımının məbləği sabit deyil. Yardım ailənin orta aylıq gəliri ilə ehtiyac meyarının məcmusu arasındakı fərq əsasında hesablanır. Bu səbəbdən hər ailəyə ödənilən məbləğ fərqli olur.
Sosial yardım almaq üçün müraciət elektron qaydada VEMTAS sistemi üzərindən edilir. Müraciətlər 15 iş günü ərzində araşdırılır və müvafiq qərar qəbul olunur. Yardım isə müraciət edilən ayın 1-dən etibarən bir il müddətinə təyin edilir.
Qeyd edək ki, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (qanunvericilikdə nəzərdə tutulan istisnalar xaric), gəliri ehtiyac meyarından yüksək olduqda, müxtəlif ünvanlarda iki və daha çox eyni təyinatlı daşınmaz əmlaka sahib olduqda, eləcə də ərizə-bəyannamədə yanlış və ya natamam məlumat təqdim edildikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina olunur.
Firuzə Əliyeva
