Qəzalarda ölüm riskini artıran dəmir məhəccərlər: Alternativ var?

Qəzalarda ölüm riskini artıran dəmir məhəccərlər: Alternativ var?
Kateqoriya məlum deyil
T

Avtomobil yollarında quraşdırılan dəmir məhəccərlər yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi daşısa da, bəzi hallarda ağır yol-nəqliyyat hadisələrinin nəticələrini daha da ağırlaşdıra bilir.

Xüsusilə yüksək sürətlə baş verən qəzalarda metal maneələr avtomobilə ciddi ziyan vurur, bəzən isə insan tələfatına səbəb olur.

Bu isə sual yaradır: metal məhəccərlərin yerini zərbəni daha yaxşı udan rezin və ya digər elastik materiallardan hazırlanmış alternativlər tuta bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yol hərəkəti təhlükəsizliyində əsas amillərdən biri sürətə nəzarətdir.

Onun sözlərinə görə, qəzaların ağır nəticələrinin qarşısını almaq üçün təkcə yol infrastrukturu deyil, sürətin idarə olunmasına xidmət edən tədbirlər də gücləndirilməlidir.

Mütəxəssis qeyd edib ki, magistral yollarda artıq bir neçə ildir beton təhlükəsizlik sədləri - "Nyu Cersi" tipli maneələrdən istifadə olunur. Lakin şəhər və şəhərətrafı yollarda hələ də metal məhəccərlər geniş tətbiq edilir və bu ərazilərdə sürücülərin müəyyən olunmuş sürət rejiminə ciddi riayət etməsi vacibdir.

R.Ağamirzəyev hesab edir ki, sürət həddini azaltmaq üçün yalnız yol nişanları və cərimələr kifayət etmir. Onun fikrincə, sürücülərin fiziki olaraq yüksək sürətlə hərəkət etməsinin qarşısını alan "trafiki sakitləşdirən" elementlərin sayı artırılmalıdır.

"Şəhərdaxili küçələrdə elə həllər tətbiq olunmalıdır ki, sürücülər istəsələr belə müəyyən hissələrdə yüksək sürətlə hərəkət edə bilməsinlər. Çünki sürət artdıqca qəzanın nəticələri də ağırlaşır və əksər hallarda ölüm halları ilə nəticələnir", - ekspert bildirib.

O vurğulayıb ki, hər bir qəza ayrıca təhlil edilməli, hadisənin hansı sürətlə baş verdiyi araşdırılmalıdır. Çünki qəzanın son nəticəsinə təsir edən əsas amillərdən biri məhz yüksək sürətdir. Ekspertin sözlərinə görə, Azərbaycanda sürət hədlərinin pozulmasına görə cərimələr sərtləşdirilsə də, bu tədbirlər beynəlxalq təcrübədə tətbiq olunan fiziki təhlükəsizlik həlləri ilə tamamlanmalıdır. Xüsusilə yaşayış məntəqələrində piyadaların hər an yolu keçə bilməsi nəzərə alınaraq, sürətin məhdudlaşdırılması üçün daha effektiv infrastruktur qurulmalıdır.

Rauf Ağamirzəyev hesab edir ki, Azərbaycanda da dünyanın inkişaf etmiş ölkələrində geniş tətbiq olunan "Vision Zero" - yol hərəkətində ölüm hallarına sıfır dözümlülük konsepsiyasına uyğun yanaşmalar sistemli şəkildə həyata keçirilməlidir.

"Bakıda bu istiqamətdə müəyyən addımlar atılıb, lakin onlar hələ lokal xarakter daşıyır. Bu yanaşma bütün şəhər üzrə sistemli şəkildə tətbiq olunmalıdır", - ekspert əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ