23 İyun – Dövlət qulluqçularının peşə bayramıdır!

Bu gün - 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Dövlət idarəçiliyinin əsas dayaqlarından hesab edilən dövlət qulluqçuları ölkədə qanunların icrası, dövlət siyasətinin həyata keçirilməsi və vətəndaşlara xidmətlərin göstərilməsində mühüm rol oynayırlar.
Bəs Azərbaycanda hazırda nə qədər dövlət qulluqçusu fəaliyyət göstərir və onların əməkhaqqısı nə qədərdir?
Sfera.az mövzu ilə bağlı araşdırmanı təqdim edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27 min 400 nəfər olub. Onların 30,3 faizini qadınlar təşkil edir. Statistikaya əsasən, dövlət qulluqçularının böyük hissəsi aşağı və orta inzibati vəzifələrdə çalışır. Dövlət qulluğunda çalışanların təxminən yarısı 7-ci təsnifat üzrə inzibati vəzifələrdə, 22,2 faizi isə yardımçı vəzifələrdə fəaliyyət göstərir.
Yaş göstəricilərinə nəzər saldıqda məlum olur ki, dövlət qulluğunda ən böyük pay 30-39 yaş qrupuna məxsusdur. Bu da dövlət aparatında gənc və orta yaşlı kadrların üstünlük təşkil etdiyini göstərir.
Maraqlı məqamlardan biri də dövlət qulluqçularının maaşları ilə bağlıdır. Rəsmi məlumatlara əsasən, 2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1971 manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 2 faiz artıb.
Müqayisə üçün qeyd edək ki, ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 2025-ci ildə 1102,9 manat olub. Bu isə dövlət qulluqçularının orta maaşının ölkə üzrə orta əməkhaqqından təxminən 1,8 dəfə yüksək olduğunu göstərir.
Son illər dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində də addımlar atılıb. 2026-cı ildən etibarən dövlət qulluqçularına ödənilən bir sıra əlavələr və mükafatlar vəzifə maaşlarının baza hissəsinə daxil edilib. Bu dəyişikliklərin dövlət qulluğunda əməkhaqqı sisteminin daha şəffaf və sabit olmasına xidmət etdiyi bildirilir.
Qeyd edək ki, Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü Prezidentin 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və hər il iyunun 23-də qeyd edilir.
Firuzə Əliyeva
