"Novruz ənənələri müasir dövrə uyğunlaşdırıla bilər" - SOSİOLOQ

Zaman keçdikcə cəmiyyətlərdə həyat tərzi, dəyərlər və gündəlik vərdişlər dəyişir, bu isə milli-mədəni ənənələrin qorunmasına birbaşa təsir göstərir. Qloballaşma, urbanizasiya, texnologiyanın sürətli inkişafı və sosial medianın həyatımızda getdikcə daha çox yer tutması nəticəsində bir çox qədim adət-ənənələr əvvəlki kimi yaşadılmır.
Xüsusilə Novruz kimi zəngin mərasim və simvollarla dolu bayramın bəzi elementləri gənc nəsil tərəfindən ya tam bilinmir, ya da sadələşdirilmiş formada qeyd olunur. Kənd mühitindən şəhər həyatına keçid, ailə daxilində ənənələrin ötürülməsinin zəifləməsi və müasir həyatın sürətli ritmi də bu prosesi daha da gücləndirir.
Maraqlıdır, illər keçdikcə Novruz adətləri niyə unudulur?
Mövzu ilə bağlı sosioloq Firuzə Əliyeva Sfera.az -a açıqlama verib. Onun sözlərinə görə, Novruz ənənələrinin illər keçdikcə “unudulması” məsələsinə birmənalı yanaşmaq düzgün olmaz:

“Məncə, burada söhbət daha çox unudulmadan yox, transformasiyadan, yəni forma dəyişməsindən gedir. Cəmiyyət dəyişdikcə onun mədəni praktikaları da dəyişir və bu, tamamilə təbii sosial prosesdir. Əvvəllər Novruz daha çox kollektiv həyat tərzi üzərində qurulmuşdu. Belə ki, məhlə mədəniyyəti güclü idi, insanlar bir-birini yaxından tanıyır, uşaqlar rahat şəkildə qapı-qapı gəzə bilirdi. “Papaqatdı” kimi adətlər canlı ünsiyyətə əsaslanırdı. Bu gün isə urbanizasiya, yəni insanların kütləvi şəkildə şəhərlərə və çoxmərtəbəli binalara köçməsi sosial münasibətlərin strukturunu dəyişib. İnsanlar artıq qonşularını belə tanımır, təhlükəsizlik və məxfilik kimi amillər ön plana çıxır. Nəticədə, klassik formada papaqatdı azalır, amma bunun yerini simvolik və ya texnoloji formalar, məsələn, sosial şəbəkələrdə “virtual papaqatdı” kimi davranışlar tutur. Digər mühüm səbəb həyat tempinin sürətlənməsidir. Müasir dövrdə insanlar daha çox işləyir, vaxt resursu məhdudlaşır. Uzun-uzadı mərasimlər, günlərlə davam edən hazırlıqlar əvvəlki qədər geniş şəkildə icra olunmur. Bununla yanaşı, qloballaşma da təsirsiz deyil, fərqli mədəniyyətlərin təsiri altında bəzi yerli adətlər arxa plana keçir”.
Sosioloq qeyd edib ki, bununla belə, Novruzun əsas elementləri hələ də yaşayır:
“Məsələn, tonqal qalamaq, səməni qoymaq, bayram süfrəsi hazırlamaq, dörd çərşənbəni qeyd etmək kimi ənənələr hələ də geniş yayılıb. Sadəcə, bəzi adətlər ya daha simvolik xarakter alıb, ya da müəyyən sosial qruplar arasında qorunub saxlanır. Məsələn, kənd yerlərində papaqatdı, qulaq falına çıxmaq kimi adətlər şəhərlərlə müqayisədə daha aktivdir. Unudulan və ya zəifləyən adətlərə isə əsasən kollektiv iştirak tələb edənlər daxildir: qapı pusmaq, geniş məhəllə oyunları, kütləvi şənliklər və s. Bunun səbəbi də sosial strukturun fərdiləşməsi və ictimai münasibətlərin zəifləməsidir. Bu prosesin yaxşı və ya pis olması isə nisbi məsələdir. Bir tərəfdən, ənənələrin zəifləməsi mədəni irsin itirilməsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən isə, ənənələrin dəyişərək yeni formalar alması onların yaşamasını təmin edir.
Əgər bir ənənə tam dəyişməz qalarsa, zamanla aktuallığını itirə və tamamilə yox ola bilər. Əsas məsələ bu ənənələri müasir dövrə uyğunlaşdırmaqdır. Məsələn, Novruz adətləri məktəblərdə və universitetlərdə daha interaktiv formada tədris oluna bilər, şəhər mühitinə uyğun kollektiv tədbirlər, festival və ictimai şənliklər təşkil edilə bilər, rəqəmsal platformalarda maarifləndirici və eyni zamanda əyləncəli kontentlər hazırlanaraq gənclərin marağı artırıla bilər, ailə daxilində bu adətlərin yaşadılması təşviq olunmalıdır. Novruz ənənələri yox olmur, sadəcə cəmiyyətin dəyişən reallıqlarına uyğun şəkildə yenidən formalaşır. Burada əsas məsuliyyət həm fərdlərin, həm də cəmiyyət institutlarının üzərinə düşür ki, bu zəngin mədəni irs həm qorunsun, həm də gələcək nəsillər üçün aktual və maraqlı formada təqdim edilsin”.
Niyaz Hacıyev
Sfera.az
