“Sərbəstlik + məsuliyyət”: Sİ-də bu model olmalıdır

"Sərbəstlik + məsuliyyət": Sİ-də bu model olmalıdır
Kateqoriya məlum deyil
T

Son dövrlərdə süni intellekt texnologiyalarının sürətli inkişafı və bu texnologiyalar vasitəsilə yaradılan məzmunların artması qlobal miqyasda ciddi müzakirələrə səbəb olub.

 

Xüsusilə deepfake videolar, avtomatlaşdırılmış xəbər məzmunları və manipulyasiya riski daşıyan kontentlərin yayılması bir çox ölkələri hüquqi çərçivələri yenidən nəzərdən keçirməyə vadar edir. Bu fonda müxtəlif dövlətlər süni intellektin istifadəsinə dair daha sərt qaydalar və cəza mexanizmləri tətbiq etməyə başlayır.

 

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə onun hüquqi baxımdan tənzimlənməsi həm təhlükəsizlik, həm də informasiya mühitinin qorunması üçün vacibdir.

 

Lakin eyni zamanda, həddindən artıq sərt yanaşmaların innovasiya mühitinə təsir edəcəyi ilə bağlı narahatlıqlar da mövcuddur. Süni intellektin dövlət səviyyəsində tənzimlənməsi nə dərəcədə vacibdir və sərt qanunlar innovasiyanı ləngidə bilərmi?

 

Mövzu ilə bağlı süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, bu qərar kifayət qədər yerində və vaxtında atılmış addımdır:

 

 

“Çünki süni intellekt artıq sadəcə texnologiya sahəsinin mövzusu deyil. Media, hüquq, təhsil, təhlükəsizlik, biznes və gündəlik ünsiyyətin bir hissəsinə çevrilib. Belə bir mərhələdə dövlət səviyyəsində tənzimləmə olmadan həm etik, həm də hüquqi boşluqlar yaranması qaçılmaz idi. Xüsusilə süni intellektlə hazırlanmış foto, video, audio və mətnlərin sürətlə yayılması fonunda, bu sahədə aydın qaydaların olması çox vacibdir. İnsanların icazəsiz şəkildə görüntülərinin hazırlanması, saxta vizualların real kimi paylaşılması, Sİ məzmununun nişansız yayılması artıq sadəcə texnoloji yenilik yox, ictimai etimad və şəxsi hüquqlar məsələsidir. Bu baxımdan, belə bir qərar etik süni intellekt anlayışının formalaşması üçün çox önəmlidir. Mən hətta düşünürəm ki, bu tip yanaşmalar dünyada da diqqət çəkən ilk ciddi addımlardan biri kimi qiymətləndirilə bilər. Çünki bir çox ölkə hələ də süni intellekti yalnız inkişaf etdirmək üzərində düşünür, amma onun etik sərhədlərini və ictimai nəticələrini eyni sürətlə hüquqi çərçivəyə salmaqda gecikir. Azərbaycanda bu istiqamətdə konkret mövqe göstərilməsi, əslində, texnologiyaya qarşı olmaq yox, onu daha məsuliyyətli və idarəolunan şəkildə inkişaf etdirmək deməkdir”.

 

Mütəxəssis vurğulayıb ki, sərt qanunların innovasiyanı ləngitməsi məsələsinə gəldikdə isə, burada əsas məsələ sərtlikdən çox, dəqiqlikdir:

 

“Əgər qanun texnologiyanın özünü yox, onun zərərli və etik çərçivədən kənar istifadəsini hədəfləyirsə, bu innovasiyanı zəiflətmir. Əksinə, bazarda daha sağlam, daha etibarlı və daha şəffaf mühit yaradır. İnnovasiya üçün ən vacib şeylərdən biri də etimaddır. İnsanlar və şirkətlər bilməlidirlər ki, bu texnologiyadan istifadə etmək mümkündür, amma bunun qaydaları da var. Mənim baxışım budur ki, süni intellekt sahəsində ən doğru model “sərbəstlik + məsuliyyət” balansıdır. Nəzarətsiz mühit texnologiyanı xaosa çevirə bilər, həddindən artıq məhdudlaşdırıcı mühit isə inkişafı zəiflədə bilər.

 

Amma etik prinsiplərə, şəffaflığa, razılıq məsələsinə və nişanlanmaya əsaslanan hüquqi çərçivə əslində innovasiyanın düşməni yox, onun sağlam inkişafı üçün zəminidir. Yekunda, mən bu qərarı texnologiyanı dayandırmaq yox, onun gələcəyini daha düzgün istiqamətləndirmək cəhdi kimi görürəm. Gələcəkdə ən güclü Sİ ekosistemləri təkcə ən sürətli inkişaf edənlər yox, eyni zamanda ən etibarlı və etik çərçivədə fəaliyyət göstərənlər olacaq. Bu baxımdan belə addımlar innovasiyanı ləngitməkdən çox, onu daha dayanıqlı edir”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ