İctimai nəqliyyatda dəyişikliklər: Sərnişinlərin avtobuslara marağı artır

İctimai nəqliyyatda dəyişikliklər: Sərnişinlərin avtobuslara marağı artır
Kateqoriya məlum deyil
T

Son dövrlərdə şəhər nəqliyyatı sistemində müşahidə olunan dəyişikliklər ictimai nəqliyyatdan istifadə tendensiyalarına da təsir göstərməkdədir. Xüsusilə metropolitendən istifadə edən sərnişinlərin sayında azalma, əvəzində isə avtobuslardan istifadə edənlərin sayında artım diqqət çəkir.


Belə bir sual yaranır: sərnişin axınındakı bu dəyişiklik avtobuslar üçün xüsusi zolaqların ayrılması və nəticədə avtobusların əvvəlki illərlə müqayisədə mənzil başına daha qısa müddətdə çatması ilə bağlı ola bilərmi? Yəni sürət və rahatlıq amili sərnişinlərin seçimində əsas rol oynayırmı?


Nəqliyyat eksperti Raqif Raufoğlu Sfera.az-a açıqlamasında bildirib ki, vəziyyət məhz belədir. Onun sözlərinə görə, hazırda avtobuslarla bağlı islahatlar gedir, ekspress marşrutlar açılır:

 


“Düzdür, bu da çox ideal olmur, gecikmələr yenə baş verir. Amma sərnişinlər ən azından metro ilə müqayisədə burada bir islahat getdiyini görürlər. Metroda isə demək olar ki, heç bir dəyişiklik yoxdur. Pik saatlarda həddindən artıq yüklənmə müşahidə edirik. Xüsusilə son günlərdə tez-tez nasazlıqlar yaranır. Bunun yaratdığı stress insanlara bəs edir; sərnişinlər tuneldə qalır, stansiyaya girişdən qatara minənə qədər böyük sıxlığın içərisindən keçməli olurlar. Bu da ürəyi zəif olanlar və fobiyası olanlar üçün çox çətindir”.


Ekspert qeyd edib ki, avtobuslarda bu amillərə nisbətən az rast gəlinir:


“Təbii ki, avtobus zolaqlarının da böyük təsiri var. Avtobusların sayının artırılması, xüsusi zolaqların salınması və bəzi istiqamətlərə ekspress avtobusların verilməsi sərnişinlər üçün daha yaxşı seçim imkanı yaradır”.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ