Daşımalarda qaydalar sərtləşdirilir — Milli Məclisdən yeni qərar

Daşımalarda qaydalar sərtləşdirilir — Milli Məclisdən yeni qərar
Kateqoriya məlum deyil
T

Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Avtomobil nəqliyyatı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Hazırda ölkədaxili sifarişli daşımalar buraxılış vəsiqəsi əsasında həyata keçirilir. Lakin bu vəsiqənin verilməsi üçün tələblər digər daşıma növləri (o cümlədən taksi fəaliyyəti) ilə müqayisədə kifayət qədər məhduddur və əsasən məlumat xarakterli sənədlər (VÖEN, nəqliyyat vasitəsi üzərində hüquqları təsdiq edən sənədlər və s.) tələb olunur.


Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə edilməsi üçün sürücünün peşəkarlığı (xüsusi hazırlıq keçməsi), sürücülük vəsiqəsinin kateqoriyasının uyğunluğu, sağlamlıq vəziyyəti və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsini nəzərdə tutur.


Qeyd edilib ki, sifarişli daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin orta yaşının 17,6 il olduğu nəzərə alınarsa, mövcud texniki baxış qaydaları təhlükəsizliyə tam nəzarət etmək üçün yetərli deyil. Beş sərnişin tutumu olan taksilərə sərt tələblər qoyulduğu halda, 10-dan çox sərnişin daşıyan sifarişli nəqliyyat vasitələrində bu tələblərin olmaması ciddi risklər yaradır.


Yeni qanun layihəsi ilə icazənin alınması üçün aşağıdakı icbari sığortaların mövcudluğu tələb olunacaq:


Sərnişinlərin fərdi qəza sığortası;
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;
Sürücünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası.


Dəyişikliklər həmçinin nəqliyyat vasitələrinin daxili və xarici tərtibatının müvafiq standartlara uyğunlaşdırılmasını və "daşıyıcı" anlayışının dəqiqləşdirilməsini nəzərdə tutur. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ