Psixoloqdan "pinqvin və meymun" açıqlaması: "Orada heyvan yox, insan özünü görür"

Psixoloqdan "pinqvin və meymun" açıqlaması: "Orada heyvan yox, insan özünü görür"
Kateqoriya məlum deyil
T

Son günlər sosial şəbəkələrdə pinqvin və meymunlarla bağlı yayılan videolar milyonlarla baxış toplayaraq geniş müzakirələrə səbəb olub. Maraqlıdır ki, bu görüntülər əyləncəli və ya pozitiv məzmunlu deyil, əksinə, emosional və mənfi notlar üzərində qurulub. İzləyicilərin diqqətini məhz bu cür kadrların cəlb etməsi, onların sürətlə paylaşılması və qısa müddətdə viral xarakter alması sosial media psixologiyası baxımından diqqətçəkən tendensiyadır. Bəs niyə məhz mənfi emosiyalar üzərində qurulan bu tip videolar insanlara daha güclü təsir göstərir? Davamlı olaraq bu cür məzmunların viral olması hansı psixoloji və sosial mexanizmlərlə bağlıdır və bunun auditoriya üzərində qısamüddətli və uzunmüddətli təsirləri nədən ibarətdir?


Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, son zamanlar pinqvin və meymun videolarının bu qədər viral olması təsadüfi deyil. Onun sözlərinə görə, orada sadəcə heyvan yoxdur, orada insan özünü görür:

 


“Biz, əslində, videoya yox, öz hissimizə reaksiya veririk. Bu cür videoların çoxu mənfi notlar üzərində qurulur – kədər, tənhalıq, rədd edilmə, zorakılıq, acizlik və ya emosional sarsıntı. İnsan beyni isə mənfi emosiyalara daha həssasdır; ağrı və ya kədər beynimiz üçün daha güclü siqnaldır. Çünki beyin sağ qalmağa fokuslanıb, xoşbəxt olmağa yox. Heyvan üzərindən verilən mesaj isə müdafiəni azaldır. Əgər eyni səhnəni bir insanla görsək, dərhal mühakimə başlayar: ‘öz günahıdır’, ‘şitləşdirib’, ‘dramdır’. Amma pinqvin və ya meymun olanda empatiya daha təmiz və filtrsiz olur, çünki burada eqo yoxdur. Biz onları günahlandırmırıq, bu da emosiyanı daha güclü yaşadır”.


Psixoloq qeyd edib ki, sosial şəbəkə alqoritmləri də emosional reaksiya doğuran məzmunu daha çox yayır:


“Şərh yazılan, paylaşım edilən, mübahisə yaradan video daha çox insana göstərilir. Mənfi emosiyalar isə insanı daha tez reaksiya verməyə sövq edir. Amma davamlı olaraq bu cür videolara məruz qalmaq insanın emosional fonunu aşağı sala bilər. Xüsusilə həssas və travmatik təcrübəsi olan insanlarda ümidsizlik, ‘dünya təhlükəlidir’ hissi, hətta gizli aqressiya artımı yarada bilər. Beyin gördüyünü normallaşdırmağa başlayır. Ən vacibi budur: biz niyə baxırıq? Bəzən insan öz içindəki kədəri açıq yaşaya bilmir, amma belə videolar vasitəsilə onu yaşayır. Yəni bu, bir növ kollektiv emosional boşalma olur. Çünki beynimiz gerçəklə xəyali obrazları ayıra bilmir. Məncə, məsələ təkcə videoda deyil, məsələ bizim içimizdə toxunulan yerdədir. Viral olan görüntü yox, aktivləşən hissdir”.

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ