Əhməd İsmayılovun təyinatı: Media rəhbərləri nə gözləyir?

Prezident İlham Əliyev Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri vəzifəsinə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təyin edilib.
Əhməd İsmayılovun Media və Yayım Şurasının sədri vəzifəsinə təyin olunması media sektorunda diqqət çəkən əsas məsələlərdən birinə çevrilib. Yeni təyinatın media və yayım sahəsinə necə təsir edəcəyi, qarşıdakı dövrdə hansı yeniliklərin gözlənildiyi maraq doğurur.
Sfera.az məhz bu istiqamətdə Azərbaycanın aparıcı media qurumlarının rəhbərlərinə sorğu ünvanlayaraq, Əhməd İsmayılovun yeni vəzifəyə təyinatını necə qiymətləndirdiklərini və ondan media sahəsində gözləntilərinin nədən ibarət olduğunu öyrənib. Media rəhbərlərinin fikirlərini təqdim edirik:
“Globalinfo.az” saytının rəhbəri Azər Ayxan Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Media və Yayım Şurasını media sahəsində yeni mərhələnin başlanğıcı sayıla biləcəyini açıqlayıb:
“Rəqəmsallaşma, onlayn sistemə sürətli keçid media və yayım məsələlərinə yeni, həm də fərqli yanaşma tələb edir. Biz ənənəvi media mərhələsini, yəni qəzet dövrünü başa vurduq. Saytlar (onlayn media) artıq keyfiyyətcə, eləcə də mahiyyətcə başqa mərhələyə keçid edir. Biz bu keçidlərin, transformasiyaların arxasınca qaçmamaq üçün adaptasiya prosesini sürətləndirməli, dövrün tələbinə uyğunlaşmalıyıq. Ona görə də media sahəsində baş verən bu inqilabi dəyişikliklərə təəccüb etməmək lazımdır. Əksinə, buna uyğunlaşmaq, reallıqlara cavab vermək lazımdır. Az qalsın kosmik sürətlə dəyişən mühitdə mövcudluğumuzu qorumalı, təmsil olunduğumuz media subyektlərini yeni şəraitə uyğunlaşdırmalıyıq. Bütün bunlar keyfiyyət və auditoriya itkisi olmadan reallaşdırılmalıdır. Dövlət bu xətti düzgün müəyyən edib və lazımı dəstəyi əsirgəmir. Kimin nə deməsindən asılı olmayaraq, dövlətin dəstəyi, Prezidentin iradəsi olmadan bu vacib və çətin mərhələni keçmək mümkün olmaz. Dövlətin informasiya və yayım təhlükəsizliyinə elə dövlət səviyyəsində yanaşılmalıdır. Başqa necə ola bilər ki?..”.
A.Ayxan Əhməd İsmayılovun Media və Yayım Şurasına sədr təyin edilməsi gözlənilən və uğurlu təyinat olduğunu qeyd edib:
“Çünki 2020-ci ilin aprel ayından üzü bəri mediada baş verənlər yalnız müsbət istiqamətdə dəyərləndirilir. Əhməd İsmayılovun son 6 illik fəaliyyəti ona yenidən ən ali səviyyədə etimad göstərilməsini şərtləndirdi. Hər birimiz və ölkəmiz üçün xeyir, uğurlu olsun”.
“Bakıvaxtı.az” xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu Əhməd İsmayılovun Media və Yayım Şurasına sədr təyin olunmasını uğurlu seçim hesab edib və yeni rəhbərliyin media ictimaiyyəti ilə daha geniş dialoq quracağına inandığını açıqlayıb:
“Əhməd İsmayılov peşəkarlığı, media sahəsindəki uzunmüddətli təcrübəsi və idarəçilik bacarığı nəzərə alınaraq Media və Yayım Şurasının sədri vəzifəsinə təyin edilib. O, istər keçmiş KİVDF-nin, istərsə də MEDİA-nın İcraçı direktoru olduğu müddətdə özünü media sahəsini bilən, peşəkar və prinsipial rəhbər kimi doğruldub. İnanıram ki, daim yeniliklərə açıq olan Əhməd İsmayılov Media və Yayım Şurasının sədri kimi də media sahəsində mühüm və müsbət dəyişikliklərə imza atacaq. Yeni mərhələdə əsas gözlənti media-dövlət münasibətlərinin daha çevik, operativ və qarşılıqlı etimad üzərində qurulmasıdır. İnternet mediasının inkişafı ilə bağlı da gözləntilər çoxdur. Danılmaz faktdır ki, bu gün informasiya məkanı əvvəlki illərlə müqayisədə tamamilə dəyişib. Sosial şəbəkələr, süni intellekt, rəqəmsal platformalar və sürətli xəbər istehsalı ənənəvi media qarşısında yeni çağırışlar yaradıb. Medianın tənzimlənməsi yalnız hüquqi məsələlərlə məhdudlaşmamalı, həm də yeni texnologiyaların yaratdığı imkan və riskləri əhatə etməlidir. Peşəkar jurnalistikanın stimullaşdırılması, region mediasının inkişafı, jurnalistlərin sosial və peşəkar müdafiəsinin gücləndirilməsi, media savadlılığının artırılması və saxta informasiyaya qarşı mübarizə istiqamətində yeni mexanizmlərin tətbiqinə ehtiyac var. Əhməd İsmayılov media sektorunu yalnız inzibati müstəvidən deyil, onun inkişaf perspektivləri baxımından da tanıyır. Bu isə onun üstün cəhətlərindən biridir. Məhz bu səbəbdən onun rəhbərliyi dövründə mediada daha çox rəqəmsallaşma, peşəkarlıq, şəffaflıq, iqtisadi dayanıqlılıq və beynəlxalq media təcrübəsinin tətbiqi istiqamətində yeniliklər olub və bundan sonra da belə olacağına əminəm. İnanıram ki, onun rəhbərliyi ilə media sahəsində mühüm və müsbət dəyişikliklərin şahidi olacağıq”.
“Azxeber.com”un baş redaktoru Hacıbəy Heydərli isə bu sərəncamın Azərbaycan mediasının inkişafına növbəti dəfə töhfə verəcəyini açıqlayıb:

“Çünki istər Media və Yayım Şurasının yeni sədri, istərsə də üzvləri mediaya yad şəxslər deyil. Yeni sədr Əhməd İsmayılov artıq uzun illərdir Medianın İnkişafı Agentliyinin İcraçı direktoru olub və bu sahədə bir sıra islahatların, yeniliklərin əsasını qoyub. Xüsusən Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, Media Reyestrinin tətbiq olunması bütövlükdə Azərbaycan mediasının sağlamlaşmasına gətirib çıxaran yeniliklərdən oldu. Son 5 ildə həyata keçirilən bu dəyişikliklər Azərbaycan mediasını artıq yeni mərhələyə gətirib çıxarıb. Bu baxımdan düşünürəm ki, Media və Yayım Şurası da bu istiqamətdə işlərini davam etdirəcək. Media və Yayım Şurasının səlahiyyətləri daha genişdir. Düşünürəm ki, bundan sonrakı mərhələdə bu qurum həm Azərbaycan jurnalistlərinin fəaliyyətinə, həm onların peşəkarlaşmasına, həm də özlərini inkişaf etdirməsinə daha mühüm töhfələr verəcək”.
“Yenisabah.az”ın rəhbəri Elnur Məmmədli Əhməd İsmayılovun Media və Yayım Şurasının sədri vəzifəsinə təyin olunmasını müsbət qiymətləndirib:

“Çünki o, media sahəsinə kənardan gələn şəxs deyil. Əvvəlcə KİVDF-də, daha sonra Medianın İnkişafı Agentliyində rəhbər vəzifələrdə çalışıb və bu müddət ərzində Azərbaycan mediasında gedən prosesləri yaxından izləyib. İndi isə həmin təcrübənin Media və Yayım Şurasının fəaliyyətinə də töhfə verəcəyini düşünürəm. Məncə,qarşıdakı dövrdə əsas gözlənti media ilə dövlət qurumları arasında daha çevik və effektiv kommunikasiya mexanizmlərinin formalaşmasıdır. Bununla yanaşı, peşəkar jurnalistikanın stimullaşdırılması, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi, rəqəmsal medianın inkişafı və yeni media formatlarına uyğunlaşma da prioritet istiqamətlər ola bilər. Digər mühüm məsələ isə media bazarında sağlam rəqabət və keyfiyyətli kontentin təşviqidir. Bu gün auditoriyanın informasiya istehlakı çox sürətlə dəyişir. Ona görə də ənənəvi media ilə yanaşı, onlayn media, sosial şəbəkələr, video və digər rəqəmsal platformaların yaratdığı yeni reallıqlara uyğun yanaşmaların formalaşmasına ehtiyac var. Ümumilikdə, Əhməd İsmayılovun əvvəlki fəaliyyətini nəzərə alaraq düşünürəm ki, yeni vəzifəsində daha müasir, çevik və peşəkar media mühitinin formalaşmasına töhfə verə bilər. Əsas məsələ isə bu mərhələdə media nümayəndələri ilə daha sıx dialoqun qurulması və sektorun real problemlərinin birbaşa dinlənilməsidir”.
“Ajans.az” xəbər portalının rəhbəri Tural Museyibov isə Əhməd İsmayılovun yeni vəzifəyə təyin olunmasını cənab Prezidentin böyük etimadının göstəricisi olduğunu vurğulayıb:

“Burada təkcə sədr təyinatından söhbət getmir. Bildiyiniz kimi, Şuranın üzvləri də təyin edilib. Bu sərəncam həm sədrə, həm də Şura üzvlərinə göstərilən böyük etimadın ifadəsidir. Bundan əvvəl Əhməd İsmayılovun Agentliyin rəhbəri vəzifəsinə təyin edilməsi də ona göstərilən böyük etimad idi. Mən deyərdim ki, cənab Prezidentin bu etimadını doğruldub. Jurnalist kimi hesab edirəm ki, bunu belə qiymətləndirmək olar. Çünki onun Medianın İnkişafı Agentliyinə təyinatından sonra media sahəsində həm hüquqi bazanın formalaşdırılması, həm də digər vacib məsələlərin həlli istiqamətində mühüm işlər görülüb. Bugünkü təyinatı da bir daha dövlət başçısının göstərdiyi etimadın doğruldulmasının göstəricisi kimi dəyərləndirə bilərik. Bundan sonra da həm sədrə, həm də Şura üzvlərinə uğurlar arzulayırıq”.
“Redaktor.az” saytının baş redaktoru Aqil Aslan da yeni təyinatı müsbət qiymətləndirib və Əhməd İsmayılovun, həmçinin yeni qurumun qarşısında kifayət qədər ciddi və geniş vəzifələr dayandığını açıqlayıb:

“Media və Yayım Şurasının səlahiyyətlərinə baxdıqda, burada təkcə tənzimləyici funksiyalardan deyil, həm də medianın inkişafına və iqtisadi dayanıqlığına dəstək verəcək mexanizmlərdən söhbət gedir. Bu baxımdan yeni Şuradan gözləntilər kifayət qədər böyükdür. Hesab edirəm ki, Əhməd İsmayılov MEDİA-ya rəhbərliyi dövründə yazılı, onlayn media ilə bağlı bir çox məsələlər öz həllini tapıb. İndi isə televiziyalarla bağlı ciddi dəyişikliklərə ehtiyac olduğunu düşünürəm. Bu gün televiziya sektorunun əsas problemlərindən biri keyfiyyətli və tamaşaçı üçün cəlbedici audiovizual məhsulların istehsalıdır. Şuranın audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, müsabiqələr keçirmək imkanının olması bu istiqamətdə yeni imkanlar yaradır. Düşünürəm ki, bu mexanizmdən istifadə etməklə televiziyalarda daha keyfiyyətli sənədli filmlərin, maarifləndirici və analitik proqramların, cəmiyyət üçün əhəmiyyətli layihələrin hazırlanmasına ciddi dəstək göstərilə bilər. Televiziyalarda illərdir üstünlük təşkil edən bayağı şou formatlarının artıq tamaşaçıda əvvəlki marağı yaratmadığı qənaətindəyəm. O baxımdan yeni yaradılan Şuranın bu məsələləri də tənzimləyəcəyinə ümid edirəm. Yəqin ki, çoxsaylı həmkarlarım mənimlə razılaşar ki, dövlət qurumları ilə media arasında münasibətlərin daha da yaxşılaşdırılmasına ehtiyac var. Əhməd İsmayılovun yeni vəzifəsində dövlət qurumları ilə media subyektləri arasında daha çevik və effektiv kommunikasiya mexanizmlərinin yaradılmasına töhfə verəcəyini düşünürəm. Jurnalistlərin informasiyaya çıxışının asanlaşdırılması, dövlət qurumlarının media ilə daha operativ işləməsi və qarşılıqlı etimadın artırılması burada mühüm istiqamətlər ola bilər”.
A.Aslan televiziyalarda peşəkarlığın artırılması məsələsinə də toxunaraq Əhməd İsmayılovun bu istiqamətdə mühüm addımlar atacağına inandığını bildirib:
“Şuranın media sahəsində peşə və etik davranış qaydalarına riayət olunması ilə bağlı araşdırmalar aparmaq və tövsiyələr hazırlamaq səlahiyyəti var. Bu imkanlardan cəzalandırıcı yanaşmadan daha çox, jurnalistikanın keyfiyyətinin yüksəldilməsi, peşə standartlarının formalaşdırılması və media əməkdaşlarının maarifləndirilməsi üçün istifadə olunması daha faydalı olar. Media və Yayım Şurasının fəaliyyətində xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri də dezinformasiya ilə mübarizə olacaq. Şuranın qarşısında dezinformasiyanın aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması ilə yanaşı, onun yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi üçün aidiyyəti dövlət qurumları ilə operativ əlaqələndirmə mexanizmlərinin yaradılması kimi konkret vəzifələr dayanır. Əhməd İsmayılovun Medianın İnkişafı Agentliyinə rəhbərlik etdiyi dövrdə də dezinformasiya ilə mübarizə məsələsinə çevik yanaşmasının və bu istiqamətdə operativ addımlar atmasının şahidi olmuşuq.
Ona görə də hesab edirəm ki, yeni Şuranın fəaliyyətində bu sahə daha da sistemləşdirilə və institusional mexanizmlər gücləndirilə bilər. Xüsusilə sosial şəbəkələrdə və müxtəlif informasiya platformalarında yayılan yanlış və manipulyativ məlumatların daha erkən mərhələdə aşkarlanması, onların cəmiyyətə təsir risklərinin qiymətləndirilməsi və aidiyyəti dövlət qurumları ilə operativ koordinasiyanın təmin olunması vacibdir. Bu baxımdan yeni Şuranın daha çevik informasiya monitorinqi və koordinasiya mexanizmləri formalaşdırmasını gözləmək olar. Ümumilikdə, Əhməd İsmayılovun qarşısında həm böyük imkanlar, həm də böyük məsuliyyət var. Mənim əsas gözləntim odur ki, Media və Yayım Şurası media subyektlərinin problemlərini yalnız tənzimləyən deyil, onların inkişafına real dəstək verən bir quruma çevrilsin. Xüsusilə televiziya sahəsində keyfiyyətli məzmunun artması, medianın iqtisadi dayanıqlığının gücləndirilməsi, dövlət-media münasibətlərinin daha sağlam müstəviyə gətirilməsi və müasir yayımçılıq modelinin formalaşdırılması baxımından yeni dövrdə ciddi yeniliklərin olacağına ümid edirəm”.
“Bizim.Media”nın rəhbəri Anar Tahirov isə ümumilikdə Media və Yayım Şurasının yaradılmasını Azərbaycan mətbuatının inkişafı baxımından mütərəqqi addım hesab edir:

“Yeni qurum media və audiovizual yayım sahəsində tənzimləmə mexanizmlərinin vahid platformada birləşdirilməklə, media siyasətinin daha sistemli həyata keçirilməsinə imkan yaradacaq. Cənab Prezidentin Sərəncamı ilə Əhməd İsmayılovun sədr, media sahəsində peşəkar fəaliyyəti ilə seçilən kadrların isə Şuraya üzv təyin edilməsi Dövlətimizin başçısının mətbuata göstərdiyi diqqət və qayğının növbəti sübutudur. Cənab Prezident hər zaman mətbuatımızın inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Son illərdə media reyestrinin yaradılması, Şuşa Qlobal Media Forumlarının uğurlu təşkili, media orqanlarının fəaliyyətinə, o cümlədən jurnalistlərə göstərilən qayğı media sahəsində inkişafın bariz göstəricisidir. Düşünürəm ki, Media və Yayım Şurası öz fəaliyyəti ilə Dövlətimizin başçısının milli mətbuatın inkişafı istiqamətində siyasətinin icrasına xidmət edəcək. Bu isə yekun nəticədə mediamızın tərəqqisinə, daha peşəkar və uğurlu fəaliyyətinə təkan verəcək”.
“Moderator.az” saytının baş redaktoru Hüseyn Ələsgərov da Əhməd İsmayılovun bu vəzifəyə təyin olunmasını onun media sahəsindəki uğurlu fəaliyyətinin nəticəsi kimi qiymətləndirib:

“Onun media mühitində qazandığı idarəçilik təcrübəsi və proseslərə hakimliyi bu vəzifə üçün ciddi üstünlükdür. Məncə, qarşıdakı dövr Azərbaycan mediası üçün kifayət qədər əhəmiyyətli bir mərhələdir. Bu baxımdan, bir media rəhbəri kimi əsas gözləntim odur ki, medianın cəmiyyətdəki mövqeyi daha da möhkəmlənsin, jurnalistikanın inkişafı üçün yeni imkanlar yaradılsın və media subyektlərinin qarşılaşdığı məsələlərə daha çevik yanaşılsın. İnanıram ki, Əhməd İsmayılovun təcrübəsi bu prosesə mühüm töhfə verə bilər”.
Bəsti Rəfizadə






