Bakı metrosunda şüşə arakəsmələr quraşdırılacaq? - RƏSMİ

Bakı metrosunda şüşə arakəsmələr quraşdırılacaq? - RƏSMİ
Kateqoriya məlum deyil
T

Beynəlxalq təcrübədə bir çox metro sistemində platforma ilə qatar yolu arasında şüşə arakəsmələrdən istifadə olunur. Bu arakəsmələr sərnişinlərin təsadüf nəticəsində qatar yoluna düşməsinin qarşısını alır, təhlükəsizliyi artırır və insan faktorundan qaynaqlanan riskləri minimuma endirir. Belə bir yenilik Bakıda da tətbiq olunsa, metro səfərləri həm vizual, həm də fiziki təhlükəsizlik baxımından daha rahat ola bilərdi.


Bəs bu arakəsmələrdən niyə Bakı Metropolitenində istifadə olunmur?


Sfera.az xəbər verir ki, mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hazırda Bakı Metropolitenində bu şüşə arakəsmələrin quraşdırılması texniki baxımdan mümkün deyil və bunun bir neçə səbəbi var:


“Mövcud stansiyaların havalandırma və hava dövriyyə xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusilə, Yaşıl və Qırmızı xətlərdə hava stansiyalara əsasən tunellər vasitəsilə daxil olur. Platforma arakəsmələrinin quraşdırılması bu hava axınlarının qarşısını alacaq. Bu isə həm tunel infrastrukturuna, həm də ən əsası sərnişinlərin rahatlığı və təhlükəsizliyinə mənfi təsir göstərəcək.
CBTC adlandırılan mərkəzi idarəetmə və işarəvermə sistemləri qatarların platformada millimetr dəqiqliyi ilə dayanması üçün əsas şərtdir. Bu sistem qatarın sürətini, mövqeyini və dayanma sürətini real vaxt rejimində hesablayır və platforma boyunca qatarın standartlaşdırılmış nöqtədə dayanmasını təmin edir. Maşınistsiz qatarlar üçün bu sistem mütləqdir və qatar yalnız CBTC sistemi tərəfindən dayanma təsdiqi verildikdən sonra platforma arakəsmələri ilə sinxron şəkildə işləyir. Hazırda isə Bakı Metropolitenində qatarların platformada dayanması maşınist tərəfindən manual şəkildə həyata keçirilir.
Bakı Metropolitenində yeni nəsil və bir neçə model vaqon istifadə olunur. Bu vaqonlarda qapıların yerləşməsi və açılması mexanizmi fərqlidir. Belə ki, bəzilərində vaqonlar içəriyə, bəzilərində isə çölə açılır. Bu müxtəliflik platforma arakəsmələrinin standartlaşdırılmış şəkildə tətbiqini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bütün bu amilləri nəzərə alaraq, təəssüf ki, hazırda şüşə arakəsmələrinin Bakı Metropoliteninə tətbiqi mümkün deyil.
Aparılan araşdırmalar göstərir ki, ən müasir texnologiyalar belə sərnişinin diqqəti və təhlükəsizlik qaydalarına əməl etməsindən daha vacib deyil. Metroda təhlükəsizlik hər şeydən əvvəl sərnişin davranışı vərdişlərindən asılıdır".

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ