Bu şəxslərə oruc tutmaq olmaz

Ramazan ayında oruc ibadəti müsəlmanlar üçün vacib sayılır.
Sfera.az xəbər verir ki, müqəddəs kitab Qurani-Kərimdə orucun fərz olduğu bildirilsə də, bəzi şəxslər üçün istisnalar nəzərdə tutulur. Müəyyən kateqoriyadan olan insanların oruc tutmaması tövsiyə edilir.
Ağır xəstəliyi olan, səhhəti oruc səbəbindən pisləşə biləcək şəxslər bu ibadətdən azaddır. Eyni zamanda səfərdə olanlar, hamilə və süd verən qadınlar (özlərinə və ya körpəyə zərər riski varsa), eləcə də fiziki cəhətdən zəif və yaşlı şəxslər orucu təxirə sala və ya alternativ dini öhdəlikləri yerinə yetirə bilərlər. Heyz və nifas dövründə olan qadınlara isə oruc tutmaq qadağandır və həmin günlər sonradan qəza edilir.
Tibbi baxımdan isə, xüsusilə şəkərli diabet, ağır ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı, xroniki mədə-bağırsaq problemləri və ciddi hormonal pozuntuları olan şəxslər oruc tutmazdan əvvəl həkimlə məsləhətləşməlidirlər. Yaxın müddətdə əməliyyat keçirmiş şəxslərə də oruc tutmaq məsləhət görülmür. Uzun müddət susuz və qidasız qalmaq bəzi xəstələr üçün risk yarada bilər.
Qeyd edək ki, İslam dini insan sağlamlığını təhlükə altına qoymağı qəbul etmir və zərurət hallarında güzəştlər tətbiq olunur. Buna görə də oruc tutmaq qərarı fərdi sağlamlıq vəziyyəti və real fiziki imkanlar nəzərə alınaraq verilməlidir.
Niyaz Hacıyev
Sfera.az
