Uşaqlar oruc tutmalıdırmı? – EKSPERT RƏYİ

Ramazan ayı gəldikdə uşaqdan böyüyə bir çox insan oruc tutur. Bəzi hallarda azyaşlı uşaqların da oruc saxladığının şahidi oluruq ki, bu hal cəmiyyətdə birmənalı qarşılanmır. Bəzi iddialara görə, azyaşlıları oruc tutmağa valideynləri məcbur və ya təhrik edir.
Bəs uşaqları oruca yönləndirmək nə dərəcədə doğrudur? Bu, onların səhhətinə necə təsir edə bilər? Valideynlər bu xüsusda hansı nüanslara diqqət yetirməlidir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ümumiyyətlə, xüsusi bir ehtiyac olmadan uşaqları bu işə cəlb etmək düzgün deyil:
“Uşaqların, xüsusən də 14 yaşdan aşağı olanların oruc tutmağa cəlb edilməsi tibbi baxımdan tövsiyə olunmur. Onların bir çoxu bu prosesi tam şəkildə dərk etmir. Azyaşlı uşaqların oruc tutması hallarına daha çox qatı mühafizəkar ailələrdə rast gəlinir".

Professorun fikrincə, uşaqların inkişafı üçün prioritetlər fərqli olmalıdır:
"Bəzən elə düşünürük ki, uşaqlar üçün dindən başqa heç nə yoxdur, amma bu, belə deyil. Biz uşaqları məktəbdənkənar mühitdə də düzgün şəkildə böyütməliyik. Onlara vətənpərvərlik, azadlıq, müstəqil düşüncə və digər insani dəyərlər aşılanmalıdır. Eyni zamanda intellektual inkişaf da diqqətdə saxlanılmalıdır. Təhsil, tərbiyə modeli və ailə münasibətləri məhz bu istiqamətdə qurulmalıdır”.
Məsələyə dini baxımdan yanaşan dinşünas Elşad Miri isə uşaqları oruca tədricən öyrəşdirməyin mümkün olduğunu deyib:

“Məsələn, əvvəlcə onları günorta saat 12:00–13:00-a qədər ac və susuz qalmağa alışdırmaq olar. Zamanla bu müddəti hər dəfə 10–15 dəqiqə artıraraq və uşağı həvəsləndirərək prosesi davam etdirmək mümkündür. Bu, qəbahət sayılmır; əksinə, uşaqlarda məsuliyyət hissinin formalaşmasına kömək edir. Bir çox valideyn də övladlarını məhz bu üsulla oruca öyrəşdirir”.
Fidan Hacızadə
Sfera.az
