Uşaqlarda diqqət problemi - VALİDEYNLƏR NƏ ETMƏLİDİR?

Uşaqlarda diqqət problemi - VALİDEYNLƏR NƏ ETMƏLİDİR?
Kateqoriya məlum deyil
T

Son illərdə uşaqlar və yeniyetmələr arasında diqqət problemləri, xüsusilə diqqət çatışmazlığı halları həm mütəxəssislərin, həm də valideyn və müəllimlərin diqqət mərkəzinə çevrilib.

 

Rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin və mobil cihazların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi, eləcə də artan akademik tələblər bu mövzunu daha da aktuallaşdırır. Məktəb və ev mühitində diqqəti uzun müddət saxlamaq çətinliyi, dərslərdə geriləmə, tapşırıqların yarımçıq qalması və sosial münasibətlərdə anlaşılmazlıqlar ailələrdə ciddi narahatlıq yaradır.

 

Diqqət çatışmazlığı təkcə dərs uğursuzluğu ilə məhdudlaşmır, uşağın özünə inamına, davranışına və gələcək inkişafına da təsir göstərə bilər. Bu səbəbdən problemin vaxtında müəyyən edilməsi və düzgün yanaşma böyük əhəmiyyət daşıyır.

 

Bəs uşaqlarda və yeniyetmələrdə diqqət çatışmazlığının əsas səbəbləri nələrdir? Valideynlər və məktəbdə müəllimlər bu problemi azaltmaq üçün hansı üsullara əl ata bilərlər?

 

Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, son illər uşaqlarda və yeniyetmələrdə diqqət problemləri daha çox görünür və bu, təsadüfi deyil. Onun sözlərinə görə, diqqət çatışmazlığı sadəcə “uşaq dərsə maraq göstərmir” məsələsi deyil və başqa faktorlarla bağlıdır:

 

 

“Bu həm bioloji, həm psixoloji, həm də sosial faktorlarla bağlıdır. Bəzi uşaqlarda diqqətin idarə olunmasına cavabdeh olan beyinin müəyyən mərkəzi fərqli işləyə bilər. Bu zaman biz artıq DEHB kimi neyroinkişaf pozuntusundan danışırıq. Amma hər diqqət problemi DEHB demək deyil. Yuxu pozuntuları, düzgün qidalanmama, həddindən artıq ekran istifadəsi, hormonal dəyişikliklər (xüsusilə yeniyetməlik dövründə) də diqqətə birbaşa təsir edir. Psixoloji faktorlar da çox önəmlidir. Uşaqlıq travmaları, ailədaxili gərginlik, valideynlər arasında konflikt, emosional laqeydlik və ya həddindən artıq təzyiq uşağın daxili narahatlığını artırır. Narahatlıq artdıqca beyin “təhlükəsizlik” rejiminə keçir və öyrənmə ikinci plana düşür. Bu halda diqqətsizlik əslində daxili gərginliyin simptomudur. Bəzən də özünə inamın aşağı olması, “mən bacarmıram” düşüncəsi diqqətin tez yayınmasına səbəb olur. Sosial mühit də ciddi rol oynayır. Sürətli informasiya axını, qısa videolar, davamlı stimullaşdırma uşağın beynini sürətli mükafata alışdırır. Məktəbdə isə uzunmüddətli fokus tələb olunur. Beyin sürətli dopaminə öyrəşdiyi üçün dərs prosesi ona darıxdırıcı görünə bilər”.

 

Psixoloq valideynlərin bu kimi durumlarda hansı yanaşmanı tətbiq edə biləcəyindən də söz açıb:

 

“İlk növbədə uşağı “tənbəl” və ya “səhlənkar” kimi etiketləməmək vacibdir. Problemə davranış kimi yox, ehtiyac kimi baxmaq lazımdır. Ev mühitində struktur yaratmaq, sabit yuxu saatı, dərs vaxtı, ekran limitləri diqqətin tənzimlənməsinə kömək edir. Kiçik tapşırıqları hissələrə bölmək, uğuru dərhal fərq edib müsbət geribildirim vermək motivasiyanı artırır. Uşağın emosional ehtiyaclarını dinləmək, onunla keyfiyyətli vaxt keçirmək də diqqətin bərpasında böyük rol oynayır. Çünki təhlükəsiz bağlanma diqqətin əsas psixoloji dayaqlarından biridir. Müəllimlər üçün isə fərdi yanaşma önəmlidir. Diqqət problemi olan uşaqları sinifdə ön sırada əyləşdirmək, tapşırıqları daha qısa və konkret formada vermək, vizual materiallardan istifadə etmək daha yaxşı olardı. Hərəkət fasilələri, qısa aktivlik diqqətin yenilənməsinə kömək edir. Ən əsası isə uşağın güclü tərəflərini görmək və onu yalnız akademik göstərici ilə qiymətləndirməmək lazımdır. Diqqət çatışmazlığına kompleks yanaşma tələb olunur. Bəzən psixoloq dəstəyi, bəzən nevroloji qiymətləndirmə, bəzən isə sadəcə ailə və məktəb mühitində düzgün yanaşma kifayət edir. Əsas olan budur ki, diqqət problemi uşağın xarakter qüsuru deyil. Bu, onun bizə göndərdiyi bir siqnaldır. O siqnalı düzgün oxuya bilsək, həm akademik, həm də emosional inkişafins nail ola bilərik”.

 

Niyaz Hacıyev

Sfera.az

 

PAYLAŞ