Deputatlar psixoloqa müraciət edir? - "Haldan-hala düşürəm" - SORĞU

Cəmiyyətlə birbaşa təmasda olan peşə sahibləri sırasında deputatlar xüsusi yer tutur. Onlar mütəmadi olaraq seçicilərlə görüşür, yüzlərlə müraciəti dinləyir, sosial problemlərlə bağlı dövlət qurumları qarşısında məsələlər qaldırır, bəzən isə emosional və ağır həyat hekayələri ilə üz-üzə qalırlar. Bu isə istər-istəməz psixoloji yük və emosional gərginlik yarada bilər.
Qərb ölkələrində siyasətçilərin və dövlət qulluqçularının psixoloji dayanıqlığı ilə bağlı müxtəlif araşdırmalar aparılıb. Məsələn, American Psychological Association tərəfindən dərc olunan tədqiqatlarda ictimai vəzifə daşıyan şəxslərdə “emosional yanma sindromu”nun (burnout) daha yüksək risk daşıdığı qeyd edilir. Eyni zamanda, UK Parliament üzvləri üçün psixoloji dəstək və məsləhət xidmətləri təqdim edən xüsusi proqramların mövcud olduğu bildirilir. Bir sıra Avropa ölkələrində isə parlament əməkdaşları və deputatlar üçün konfidensial psixoloji konsultasiya imkanları yaradılıb.
Bəs Azərbaycanda vəziyyət necədir? Deputatlar fəaliyyətləri zamanı özlərini psixoloji baxımdan yüklənmiş hiss edirlərmi və belə hallarda necə davranırlar?
Sfera.az millət vəkillərinin mövqeyini öyrənib.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, seçicilərlə işləmək onun fəaliyyətinin ayrılmaz hissəsidir:

“Seçicilərlə işləmək fəaliyyətimizin bir hissəsini təşkil edir. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, səlahiyyətlərimiz çərçivəsində qaldırılan məsələlərin həllində vasitəçi olmaq deputat kimi öhdəliklərimə daxildir. İşimdən, insanlarla ünsiyyətdən zövq alıram, heç bir halda psixoloji olaraq yüklənmirəm. Yorğunluğa gəldikdə isə digər sahələrdə çalışan həmvətənlər kimi mənim də yorulduğum vaxtlar olur. Doğmalarla, dostlarla ünsiyyət, gəzinti və sağlam istirahət yorğunluğa qalıb gəlməyimə imkan verir”.
Deputat Razi Nurullayev isə etiraf edir ki, emosional anlar olur:

“Elə olur ki, bir gündə bir neçə dəfə haldan-hala düşməli oluram. Çünki, gələn zənglərin bəzən ağır sözlərlə müşayiət olunması, şikayətlər, göz yaşları... Amma işimizdir və narazı deyiləm. Psixoloqa müraciət etdiyim anlar əvvəllər olub. İndi artıq müəyyən immunitetimiz yaranıb və ehtiyac duymuram”.
Vüqar Bayramov qeyd edib ki, VII çağırış dövründə yüzlərlə vətəndaş qəbulunda iştirak edib və rəsmi sorğular göndərilib:

“Biz hər ay ən azı 2 dəfə seçicilərimizlə görüşürük. Qəbulla bağlı məlumatlar və şəkillər mətbuat vasitəsilə təqdim olunur. Qəbula gələn vətəndaşlarımızın fərqli müraciətləri və qayğıları olur. Bəzən müraciətlər qanunvericiliklə tənzimlənə bilmir. Bütün hallarda, bütün müraciətləri diqqətlə dinləyirik. Bəzilərini yerində həll etməyə çalışırıq, uyğun dövlət qurumu ilə əlaqə saxlayəb dəstək olmasını xahiş edirik. Bu baxımdan da, bu istiqamətdə daha tez dəstək nümayiş etdirməyə çalışırıq. Ümumiyyətlə, VII çağırışda, keçən il yarım ərzində 600-a yaxın seçicimiz keçirdiyim qəbullara gəlib. Sakinlərimizin müraciətləri dinlənilib və buna uyğun olaraq da Milli Məclisdən aidiyyatı dövlət qurumlarına təxminən, 500-ə yaxın rəsmi sorğu göndərmişik.
Səmimi deyim ki, hansısa xüsusi psixoloji bir ağırlıq hiss etmirəm çünki millət vəkili olaraq bizim funksiyalarımızdan biri seçicilərimizin qayğılarını dinləmək və ona müvafiq olaraq dövlət qurumuna təqdim etmək, o istiqamətdə dəstək nümayiş etdirməkdir. Bu səbəbdən, heç bir zaman hansısa psixoloji dəstəyə ehtiyac olmayıb”.
Arzu Nağıyev isə təmsil etdiyi sərhəd rayonlarında emosional yükün qaçılmaz olduğunu vurğulayıb:

“Mən iki rayonu təmsil edirəm: həm Tovuz, həm Gədəbəy. Eyni zamanda bunlar ikisi də Ermənistanla həmsərhəd olan kəndlərdir. 30 il demək olar ki, həmin o kəndlərdə daimi erməni təxribatı, problemlər yaşanıb və bugün atəşkəs olduğuna görə də müəyyən qədər sakitlikdir. Eyni zamanda, ayda iki dəfə rayonlarda tədbirlər keçirirəm. Komitə sədri olduğuma görə, Bakıda da həmin komitəmin profilinə uyğun olaraq qəbullar keçirirəm. Təbii ki, burada həssas təbəqə ilə üz-üzə gəlmək də var, eyni zamanda qlobal məsələlərin həlli üçün edilən müraciətlər də var, şəxsi məsələlər də var. Bütün bu məsələlər təbii ki, hər bir insanda emosional iz buraxmamış deyiı. Ona görə də yəni səbrlə, təmkinlə onları dinləmək, düzgün nəticələr çıxarmaq lazımdır. Mənim düşünürəm ki, uzun müddət xüsusi xidmət orqanlarında işləməyim, eyni zamanda oradan gördüyüm təcrübə də bir müsbət bir hal kimi mənə bu işlərdə köməklik göstərir. Sadəcə olaraq burada təbii ki, yaşın və təcrübənin də, eyni zamanda dünya görüşünün də özünün rolu böyüktür və çalışıram ki, öz işlərimi də buna uyğun görəm. Amma hamı insandır, hamıya bir cür təsir edir, hamı ailə başçısıdır, hamının ailəsi var, orada problemlər var, sadəcə olaraq başa düşüb, bunları dərk edib, təhlil edib onlara yerində cavab vermək, kömək etmək və yaxud müraciətləri ilə bağlı müəyyən qurumlara müraciət çatdırmaq əsas istiqamətdir. Yorğunluq da ola bilər, psixoloji amil də ola bilər, lakin çalışıram bunu özümə uyğun şəkildə həll edəm. Heç bir vaxt psixoloqla və digər məsələlərlə bağlı kimsəsə, yəni həkim kontingentlə müraciət etmək elə fikrimdən də keçməyib. Problemlərlə başa çıxmaq üçün əvvəlcədən özümü hazırlayıram ki, mən hansı görüş keçirəcəm, kimlə olacaq görüşüm və hansı problemlər çıxa bilər. Bu, təcrübə ilə bağlıdır“.
Elman Nəsirov, Ceyhun Məmmədov, Azər Allahverənov, Mahir Süleymanlı və digər deputatlar da oxşar mövqe sərgiləyərək, fəaliyyətlərinin emosional tərəfinin olduğunu qəbul etsələr də, bunun onların işinin ayrılmaz hissəsi olduğunu və xüsusi psixoloji dəstəyə ehtiyac duymadıqlarını bildiriblər.
Elman Nəsirov bildirib ki, səbrli və təmkinli olmaqla işlərin öhdəsindən gəlir:

"Haqlısınız. Biz ayda minimum 2 dəfə rayonda seçicilərimizlə canlı görüşlər keçiririk. Onların problemlərinin həlli bizim əsas hədəfimizdir. Bununla bağlı, yerli icra hakimiyyəti və mərkəzi icra hakimiyəti qarşısında məsələlər qaldırırıq, lazım gələndə, Prezident Administrasiyasına müraciət edirik. Hər zaman problemlərlə üz-üzə qalaraq onların həllinə çalışmaq psixoloji duruma da təsirsiz ötürşümür. Bu sarıdan bir problemim yoxdur. Hesab edirəm ki, səbrli və təmkinliyəm. Demək olar ki, müxalifətin əsas simaları ilə illərdir debatlardayam. Bu debatlarda əsas tələb olunan şərtlərdən biri də məhz təmkinli olmaqdır. Bu baxımdan, psixoloji vəziyyətim qaydasındadır. Xüsusi olaraq psixoloqa müraciət etməyimə ehtiyac qalmayıb”.
Ceyhun Məmmədov nəzərə çatdırıb ki, deputatlıq fəaliyyəti kifayət qədər ağır və çətindir:

“Hər nə qədər zaman-zaman müzakirələr aparılsa da, bu gün reallıq odur ki, deputatlıq olduqca mürəkkəb vəzifədir. Yəni siz hər gün çoxlu sayda insandan mesaj alırsız, görüşürsüz, onların taleyi ilə tanış olursunuz, bəzən fərqli yanaşmalar görürsünüz, bəzən emosional hadisələrin şahidi olursunuz. Bu mənada bəzən həqiqətən emosional yük hiss olunur. İstər-istəməz gərginlik yaranır, hansısa problemin həlli üçün çalışanda bəzən həll etmək olmur. Cəmiyyətdəki problemlər və münasibətlər müəyyən bir emosional yükü yaradır. İnsanların deputatlardan istəkləri böyükdür. Deputatlar daha əlçatan olduğuna görə tez-tez müxtəlif emosional hadisələrlə üz-üzə qalırıq. Mən psixoloqa müraciət etməmişəm. Özüm çalışıram bu vəziyyətdən çıxım. Özüm tez-tez psixoloji kitablar oxuyuram, bu barədə videolar izləyirəm. Nə qədər çətin olsa da, o proseslərin öhdəsindən gəlməyə çalışıram. Zaman-zaman psixoloqlarla da müzakirələrimiz olur, amma xüsusi olaraq seansa getməmişəm. Bu gün cəmiyyət emosional baxımdan kifayət qədər yükləndiyini və münasibətlərdə gərginliyin olduğunu nəzərə alsaq, psixoloqa müraciət etməyi normal hesab edirəm. Vətəndaşlara da tövsiyə edirəm ki, bu imkanlardan yararlansınlar”.
Azər Allahverənovun fikrincə, QHT rəhbəri olmağı ona bu istiqamətdə böyüv avantaj qazandırıb:

“Hazırda Sabunçu rayonunun ərazisində bizim dairəyə daxil olan qəsəbələrdə keçirdiyimiz görüşlərdən sonra sualınızı cavablandırıram. Mən şübhəsiz ki, hər bir görüşə hazırlıqlı şəkildə gəlirəm. Burada bizim vətəndaşlar tərəfindən veriləcək suallar və ediləcək müraciətlərlə də bağlı müəyyən təsəvvürlərə malik olduğum üçün çox rahat şəkildə həmin görüşlərdə iştirak edirəm. Bu səbəbdən də hər hansısa bir emosional gərginlik və ya hansısa sarsıntı yaşamıram. Parlamentə həm də bir növ QHT sektorundan gəlmişəm. Vətəndaş cəmiyyətlərində təmsil olunan şəxslər mütəmadi olaraq əhali qrupları ilə işləyir. Xüsusilə də, mən parlamentə qədər çox həssas qruplarla işləmişəm, cəmiyyətin aztəminatlı aiələləri ilə sıx təmasda olmuşam, qaçqın və məcburi köçkünlərlə bağlı layihələr həyata keçirilən QHT-yə rəhbərlik etmişəm.
Bu səbəbdən heç bir diskomfort hiss etmirəm, əksinə çox rahat şəraaitdə vətəndaşların şikayətlərini dinləyirik, aidiyyatı üzrə qeydləri aparırıq və müvafiq strukturlar qarşısında öz müraciətlərimizi edirik. Nəticə etibarilə maksimum şəkildə çalışırıq ki, bizə edilən müraciətlər aidiyyatı üzrə öz həllini tapmış olsun. Bu səbəbdən də hər hansısa emosional gərginlik və ya sarsıntı keçirmədən bu fəaliyyətləri uğurla davam etdiririk. Əksinə hətta biz intensivliyi də bir az artırırıq, görüşlərin sayını və formatını da tez-tez dəyişirik ki, çoxşaxəli görüş sistemi quraq. Müxtəlif cür görüşlər olur, müvafiq olaraq müxtəlik məsələlər qaldırılır, aidiyyatı üzrə həllinə nail olmaq üçün fərqli yanaşmaların sərgilənməsinə ehtiyac var. Psixoloji gərginlik və psixoloji sarsıntıdan uzaq bir şəraitdə öz fəaliyyətimizi qurmuş oluruq. Deputat olaraq seçicilərlə görüşmək vətəndaşları dinləmək bizim biləvasitə işimizdir və burada keçmiş təcrübəmə əsaslanaraq özümü daha rahat hiss edirəm. Biz çalışırıq bu işlərin öhdəsindən layiqincə gələk. Bu səbəbdən hansısa psixoloqa müraciət etməyimizə ehtiyac yoxdur, hər hansısa sarsıntı keçirmirik, hətta yaranabiləcək hansısa gərgin şərait varsa, o da aradan qaldırılmaqla fəaliyyətimizə davam edirik”.
Zahid Oruc isə məsələyə daha geniş kontekstdən yanaşıb:

“Lakin zənn edirəm ki, qısaca cavab verməli olsam, ümumiyyətlə müxtəlif dövlətlərdə qeyd etdiyiniz xarakterli dərin araşdırmalar əhalinin müxtəlif təbəqələri üzərində aparılır. Bu tədqiqatlar təkcə təhsil sahəsi, gənclər və uşaqlarla deyil, eyni zamanda yaşlılarla da bağlı olur. Bilavasitə planın xarakterindən və hədəflərindən asılı olaraq, əhalinin müxtəlif seqmentlərinə dair belə dərin araşdırmalar müxtəlif metod və alətlər vasitəsilə həyata keçirilir.
Qərb məkanında, xüsusilə də təhsil sferasında, məsələn, Böyük Britaniyada həftənin ilk günü şagirdlər, o cümlədən müəllimlər bir saatlarını psixoloji yardım mərkəzlərində və ya məktəb psixoloqları ilə keçirirlər. Bu, onların həyat normasına çevrilib. Belə demək mümkünsə, artıq planlaşdırılıb və qanuniləşdirilib.
Keçmiş sovet məkanında isə qeyd etdiyiniz tendensiya geniş yayılmayıb, müəyyən səviyyədə mövcud olub və çox da alqışlanmayıb. Müxtəlif insidentlər və real ictimai rezonans doğuran hadisələr zamanı isə söylədiyiniz məqamlar gündəmə gəlib.
Dövlət adamları, hökumət rəsmiləri, müxtəlif hakimiyyət qollarında təmsil olunan şəxslər, eləcə də parlamentarilərlə bağlı qeyd etdiyiniz dərin tədqiqatların açıq dataları mövcud deyil. Əlbəttə ki, belə araşdırmaların aparılması vacibdir. Xüsusilə iki Qarabağ müharibəsindən keçmiş bir cəmiyyət olaraq stress testlərinin aparılması böyük əhəmiyyət daşıyır.
Qlobal və ani psixoloji faktorlar, dərin stress halları özünü göstərməkdədir və beş il əvvəl yaşanan pandemiyanın ağır mirası hələ də qalmaqdadır. Bununla yanaşı, informasiya vasitələrinin hədsiz çoxluğu və informasiya trafiki də qeyd etdiyimiz problemləri daha da artırır.
Lakin məsuliyyətlə deyə bilərəm ki, hakimiyyət orqanlarında təmsil olunan şəxslərin psixoloji dayanıqlığı və dözümü daha yüksəkdir və bu, gərgin situasiyalarda özünü müsbət mənada göstərir. Doğrudur, deyə bilərsiniz ki, bir çox psixoloqlar, hətta özünüzün də qatıldığınız kimi, bəzən özlərinə qarşı sərt addımlar atıblar. Bu isə onu göstərir ki, müəyyən baryerlərin və problemlərin aşılması müasir dövrün çağırışları kontekstində qəbul olunmalıdır və bu proses asan deyil.
Şəxsən özümə gəldikdə isə, maksimum dərəcədə ictimai-siyasi və sosial dözümlülük davranışlarının formalaşdırılmasına çalışırıq. Ətraf mühitdə balansın qorunması üçün uzlaşdırıcı mövqelərin əldə edilməsini əsas strategiya kimi seçmişik".
Deputat Azərbaycanın coğrafi mövqeyinin də bu məsələdə rol oynadığını diqqətə çatdırıb:
"Eyni zamanda nəzərə almalıyıq ki, Azərbaycan isti iqlim qurşağında yerləşir və ilin 7-8 ayında orta temperatur 20 dərəcədən yuxarı olur. Bu amil fərqli coğrafiyalarda əhalinin davranış tipologiyasına da təsir göstərir. İsti iqlim qurşağında yaşayan insanların dinamikası, adətən, soyuq Avropa məkanları ilə müqayisədə daha yüksək olur. Bu səbəbdən kənardan daha impulsiv və dinamik görünən şəxslər kollektiv mühitdə, xüsusilə seçkilər, görüşlər və digər ictimai proseslər zamanı daha dayanıqlı davranış nümayiş etdirməyə üstünlük verirlər”.
Mahir Süleymanlı da psixoloji sarsıntı ilə qarşılaşmadığını vurğulayıb:

“Şabranda və Xaçmazda ayda 2 dəfə seçicilərimlə görüşlər keçirirəm. Onlar bizi millət vəkili seçibsə, bizim də işimiz onlarla görüşüb, problemlərini dinləyib, imkan daxilində həll etməkdən ibarətdir. Bu heç bir psixoloji yük yaratmır. Heç psixoloqa müraciət etmək kimi fikrim də olmayıb. Təbii ki, hər birimiz insanıq. Həyatımızda yorğunluq, çətinlik olur, amma məndə belə hallar baş verməyib. Seçicilərlə görüşüb onlarla fikir mübadiləsi aparmaq mənə müsbət təsir edir”.
Beləliklə, deputatların əksəriyyəti seçicilərlə intensiv ünsiyyətin emosional tərəfinin olduğunu qəbul etsə də, bunu vəzifələrinin təbii hissəsi kimi qiymətləndirir və xüsusi psixoloji müdaxiləyə ehtiyac duymadıqlarını bildirirlər. Bununla belə, beynəlxalq təcrübə göstərir ki, ictimai vəzifə daşıyan şəxslər üçün psixoloji dəstək mexanizmlərinin institusional şəkildə qurulması uzunmüddətli dövrdə həm şəxsi rifah, həm də idarəetmə keyfiyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.
Firuzə Əliyeva
Sfera.az






