Yazda daşqınlar olacaq? – Ekoloqdan AÇIQLAMA

Yazda daşqınlar olacaq? – Ekoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycanda havaların tədricən isinməsi, mövsümi dəyişikliklərin özünü göstərməsi müşahidə olunur. Temperaturun yüksəlməsinin, xüsusilə dağlıq ərazilərdə qar örtüyünün ərimə prosesini sürətləndirəcəyi yəqindir. Bu hal çaylarda su səviyyəsinin artmasına, bəzi bölgələrdə isə hətta daşqın riskinin yüksəlməsinə səbəb ola bilər.


Bəs bu ehtimal çərçivəsində Azərbaycanda yazda daşqınların olması riski varmı?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, havaların tədricən istiləşməsi normal haldır:

 


“Bahara doğru gedirik. Bu, artıq xalqımızın minilliklərdən gələn ənənələrində də mövcuddur. Hər həftənin bir çərşənbə növü ilə yadda qalması o deməkdir ki, yavaş-yavaş havalar isinir və hər həftə öz yeniliyini göstərir. Yağıntıların artması və havanın soyuması gözləniləndir. Bu, fevral və mart aylarına xas xüsusiyyətlərdir. Ancaq bu isinmə ilə dağlarda qarın əriməsi sürətli getməyəcək”.


Ekoloq yaz daşqınlarının ola biləcəyini istisna etməyib:


“Bu daşqınlar əsasən dağ çaylarında müşahidə olunur. Dağ çaylarındakı daşqınlar, xüsusilə qarın əridiyi vaxt yağıntıların artması səbəbindən baş verə bilər. Ancaq ümumilikdə, böyük çayların, o cümlədən Araz və Kür çaylarının daşması ehtimalı yoxdur və ya çox azdır. Gursululuq ola bilər, amma Kür çayının daşması hazırkı meteoroloji vəziyyətə görə mümkün görünmür. Əlbəttə, hər hansı güclü yağıntılı hava axını daxil olarsa, bu, başqa məsələdir. Lakin hazırda belə bir vəziyyət gözlənilmir”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ