Sosial mediada yaş baryeri: Yeni qaydalar hazırlanır

Sosial mediada yaş baryeri: Yeni qaydalar hazırlanır
Kateqoriya məlum deyil
T

Türkiyə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa və məcburi yaş təsdiqləmə sistemi tətbiq etməyə hazırlaşır. Qanun layihəsinin yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi bildirilib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, layihənin əsas məqsədi uşaqların sosial media platformalarına çıxışını məhdudlaşdırmaq, platformalar üçün effektiv və texniki baxımdan təsdiqlənə bilən yaş yoxlama mexanizmi yaratmaq, həmçinin valideyn nəzarətini hüquqi çərçivəyə salmaqdır.


Qaydaya əsasən, platformalar artıq yalnız istifadəçilərin öz bəyan etdiyi yaş məlumatı ilə kifayətlənə bilməyəcək. Şirkətlər real və doğrulana bilən yaş təsdiqləmə sistemləri qurmalı olacaq. Bu sistemlərin necə işləyəcəyi və hansı məlumat təhlükəsizliyi standartlarına uyğun olacağı normativ sənədlərlə müəyyən ediləcək.


Məsələ ilə bağlı danışan uşaq və yeniyetmə psixiatrı, professor Veysi Çeri bildirib ki, sosial media uşaqların zehni və emosional inkişafına ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, uşaqların sosial mediadan istifadə müddəti artdıqca mənfi təsir riski də yüksəlir.


V. Çeri həmçinin qeyd edib ki, bəzi cinayətkar qrupların süni intellekt əsaslı sistemlər vasitəsilə sosial media paylaşımlarını analiz edərək manipulyasiyaya daha açıq olan uşaqları müəyyən etməyə çalışdığına dair iddialar var. Ekspert vurğulayıb ki, xüsusilə 15 yaşdan kiçik uşaqlar bu cür təsirlərə qarşı daha həssasdır.

 

Mütəxəssislər hesab edirlər ki, uşaqların kiberzorakılıq, yad şəxslərlə təhlükəli ünsiyyət və rəqəmsal manipulyasiya risklərindən qorunması üçün hüquqi tənzimləmələr zəruridir. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, sosial media platformaları üçün yeni öhdəliklər qüvvəyə minəcək.


Mənsumə    
Sfera.az

PAYLAŞ