40 manata 10 ədəd alça – bu meyvələri yemək təhlükəlidir?

Yaz mövsümünün yaxınlaşması ilə birlikdə paytaxt və region bazarlarında mövsümə xas meyvələrin satışa çıxarılıb-çıxarılmadığı alıcıların diqqətini cəlb edir. Xüsusilə alça və gilas kimi yay meyvələrinin artıq satışa çıxarılıb-çıxarılmaması, eləcə də onların qiymətləri sosial şəbəkələrdə və onlayn ticarət səhifələrində geniş müzakirə olunur.
Hazırda bazarlarda alça və gilas satışına hələlik rast gəlinmir. Marketlərdə isə bu meyvələrin satışı yüksək qiymətə həyata keçirilir. Eyni zamanda marketlərdə satılan yay meyvələri təbii mövsüm məhsulu deyil.
Hazırda marketlərdə və onlayn platformalarda alçanın 10-15 ədədi azı 35-40 manata təklif olunur.
Alçanın kilosu 380 manat olan mağazalara da rast gəlinir. Bəzi marketlərdə gilasın kiloqramı 160 manata təklif olunur.
Bəs görəsən hazırda marketlərdən və onlayn platformalardan alınan yaz-yay meyvələrinin istehlakı nə dərəcədə təhlükəsizdir?
Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, hazırda bazarda olan “yay meyvələri” (çiyələk, gilas, şaftalı, ərik və s.) təbii mövsüm məhsulu deyil. Onun sözlərinə görə, fevral ayında yerli açıq sahə yay meyvəsi olmur, buna görə bu məhsullar ya istixana şəraitində yetişdirilir, ya da xaricdən idxal edilir:

“Qanuni istehsal və nəzarət olduqda avtomatik olaraq təhlükəli sayılmır, lakin dadı, qida dəyəri və təbii yetişmə baxımından yay mövsümündəki qədər keyfiyyətli olmur. İstixana məhsullarında aqrotexniki müdaxilə daha intensiv ola bilər. Əsas risk qadağan olunmuş maddələr deyil, normadan artıq istifadə və ya “gözləmə müddəti”nə əməl edilməməsidir. İdxal zamanı isə soyuq zəncirin qorunması, mexaniki zədələnmə, çürümə və kif əlamətlərinin olmaması vacibdir. Həddindən artıq sərt, dadsız və süni parlaq görünüş tez yetişdirilmə və uzun daşınmanı göstərə bilər”.
Ekspert qeyd edib ki, hazırda yay meyvələrini almaq avtomatik olaraq təhlükəli deyil, amma mövsümündə olan meyvələr daha etibarlıdır:
“Mövsümdənkənar meyvələri az miqdarda istehlak etmək, mütləq yaxşıca yumaq və mümkün qədər etibarlı satış nöqtələrini seçmək məqsədəuyğundur. Hazırda daha təhlükəsiz seçimlər qış mövsümünün məhsullarıdır: alma, armud, heyva, nar və sitrus meyvələri. Ümumilikdə, mövsüm prinsipi ən sağlam yanaşma olaraq qalır”.
Niyaz Hacıyev
Sfera.az
