Qadınların kişilərdə sevdiyi 5 xüsusiyyət – Münasibətlərin “gizli kodu”

Qadınların kişilərdə sevdiyi 5 xüsusiyyət – Münasibətlərin "gizli kodu"
Kateqoriya məlum deyil
T

Münasibətlərin uzunömürlü və sağlam olması yalnız hisslərin gücündən asılı deyil. Psixoloqlar bildirir ki, qadınların kişilərdə cəlbedici hesab etdiyi məqamlar bahalı hədiyyələrdə və ya zahiri görünüşdə yox, gündəlik davranışlarda gizlənir. 


Sfera.az bildirir ki, qadınlar daha çox güvən, diqqət və emosional sabitlik yaradan kişilərə bağlanır.

 

Yəni romantika təkcə sözlərdən ibarət deyil, davranışın davamlılığı daha böyük rol oynayır.

 

Ən çox diqqət çəkən xüsusiyyətlərdən biri dinləmə bacarığıdır. Qadın üçün danışmaq qədər anlaşılmaq da vacibdir. Söhbət zamanı telefona baxmayan, sözünü kəsməyən və həqiqətən maraqla qulaq asan kişi qadına özünü dəyərli hiss etdirir. Mütəxəssislərin fikrincə, emosional bağın formalaşması məhz bu anlardan başlayır.

 

Digər mühüm məqam sabit və etibarlı xarakterdir. Verdiyi sözə əməl edən, münasibətdə dəyişkən davranmayan və çətin vəziyyətlərdə məsuliyyətdən qaçmayan kişi qadınlarda təhlükəsizlik hissi yaradır. Çox vaxt romantik jestlərdən daha çox məhz bu xüsusiyyət münasibəti uzunömürlü edir.

 

Yumor hissi də qadınların diqqət yetirdiyi vacib amillərdəndir. Həyatın stresini zarafatla azalda bilən, yanında rahat gülmək mümkün olan kişi qadın üçün daha cəlbedici görünür. Çünki gülüş münasibətdə psixoloji rahatlıq yaradır və yaxınlığı artırır.

 

Qayğı və diqqət isə qadınların sevgini hiss etdiyi əsas dillərdən biridir. Böyük sürprizlərdən çox, “yorğun görünürsən”, “evə çatdın?” kimi sadə cümlələr daha təsirli olur. Davamlı diqqət qadın üçün münasibətin ciddi olduğunu göstərib.

 

Nəhayət, sağlam özünəinam da önəmli xüsusiyyətdir. Öz fikri olan, qərar verə bilən, lakin qarşı tərəfi sıxmayan kişi daha cazibədar qəbul edilib. Həddindən artıq eqo uzaqlaşdırıcı təsir bağışladığı halda, balanslı özünəgüvən hörmət yaradır.

 

Beləliklə, qadınların bəyəndiyi xüsusiyyətlər maddi imkanlardan çox emosional yetkinliklə bağlıdır. Yəni münasibətdə əsas məsələ ideal görünmək deyil, qarşı tərəfə özünü dəyərli hiss etdirməkdir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ