Novruz bayramına yaxın hava necə olacaq? - PROQNOZ

Qış fəslinin ən sərt dövrlərindən biri hesab olunan kiçik çillə adətən hava şəraitinin kəskin dəyişməsi ilə yadda qalır. Təcrübə göstərir ki, qış aylarının əksər hissəsində, xüsusilə də kiçik çillənin sonuna yaxın günlərdə temperaturun sürətlə aşağı düşməsi, güclü qar yağışı və şaxtalı hava müşahidə olunur.
Bu cür şərait təkcə bölgələrdə deyil, paytaxt Bakı daxil olmaqla ölkənin böyük hissəsində gündəlik həyata ciddi təsir göstərir. Ötən qış da istisna olmadı. Bir neçə gün ardıcıl olaraq fasilələrlə yağan qar, şaxtalı gecələr və yolların buz bağlaması yadda qalan hava hadisələrindən biri oldu.
Məhz buna görə də hər il kiçik çillənin sonuna yaxın ictimaiyyətdə eyni sual aktuallaşır: sərt qış ssenarisi yenidən təkrarlanacaqmı? Qarşıdan kiçik çillənin son günü gəlir. Kiçik çillənin son günlərində paytaxt Bakı güclü qar yağışı və şaxta ilə üz-üzə qala bilərmi?
Ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlamasında bildirib ki, son günlər havaların belə keçməsi Bakı üçün normaldır. Onun sözlərinə görə, Bakıda Azərbaycan ərazisinin iqlim göstəricilərinin on faizi belə xarakterik deyil:
“Böyük Qafqaz dağları Bakıda alçalır və dənizin altı ilə Türkmənistana tərəf keçir. Yəni, şimaldan gələn əsas hava axınları rahatlıqla daxil olur. Nəticədə qeyri-müəyyənlik yaranır. Amma ümumilikdə götürdükdə, Azərbaycan ərazisində 9 növ hava kütləsi daxil olursa, onların bəzi əlamətləri burda hiss olunur. Bu kütlələr özünü 80% biruzə verir. Bəzən dağlar şimaldan qərbdən hərəkət edən hava kütlələrinə mane ola bilmir. Ona görə də, bəzən qeyri-adi hava nümunələri görünür. Qar yağır, şaxta olur. Ötən il kiçik çillə çıxan zaman qar yağıntısı müşahidə olunub”.
Ekoloq qeyd edib ki, bu həftədən sonra havaların necə keçəcəyinə diqqət etməliyik:
“Bu il, xüsusilə bu həftədən sonra günəş çıxarsa bu, yazın payı olacaq. Qar yağarsa, bu, qışın payı olacaq. Kiçik çillə öz müddətində yaxşı keçə bilər, amma çıxdığı zaman uzun çəkir. Bu dəfə kiçik çillə çıxarkən qar yağmaya da bilər. Amma ümumi götürsək, hələlik havalar mülayim keçir. Kiçik çillənin son günləri adətən yağıntılı olub. Bu dəfə də olarsa, rəsmi qurumlar bu barədə məlumat verəcək. Kiçik çillədən sonra isə, Novruz bayramı qabağı ya qışın oğlan çağı kimi soyuqlar olacaq, ya da yazın oğlan çağı kimi epizodları görəcəyik. Bunu indidən dəqiq demək çətindir. Bakının havası dəyişkən olur".
Niyaz Hacıyev
Sfera.az
