Sosial mediada anonimlik dövrü bitir - Türkiyədən radikal addım

Sosial mediada anonimlik dövrü bitir - Türkiyədən radikal addım
Kateqoriya məlum deyil
T

Türkiyənin yeni ədliyyə naziri Akın Gürlek yerli mediaya verdiyi müsahibədə sosial media platformaları ilə bağlı yeni tənzimləmələrin hazırlanacağını açıqlayıb.


Nazir bildirib ki, sosial mediada hesab açarkən istifadəçilərin şəxsiyyət məlumatlarının qeydiyyatı məcburi olacaq. Gürlekin sözlərinə görə, əgər bir şəxs sosial mediada şərh yazacaq və ya paylaşım edəcəksə, onun şəxsiyyəti mütləq məlum olmalıdır. Nazir bu tələbin əsas səbəbini təhlükəsizlik, dezinformasiya ilə mübarizə və istifadəçilərin məsuliyyətinin artırılması ilə əlaqələndirib.


Bu cür addımlar həm təhlükəsizlik, həm də məlumatların doğruluğu və sosial mediada məsuliyyətli davranışın təmin olunması baxımından vacib hesab edilə bilər. Eyni zamanda, belə tələblərin söz azadlığına və şəxsi məlumatların qorunmasına təsiri məsələsi də müzakirə mövzusudur.


Bəs Azərbaycanda da oxşar addımlar atıla bilərmi? Bu cür tələbi zəruri edən amil nədir?


Sfera.az-a bu haqda açıqlama verən sosial media mütəxəssisi Nicat Abdullayev bu yanaşmanın, əslində, son illər qlobal miqyasda müşahidə olunan ciddi bir problemdən qaynaqlandığını bildirib:

 


“Sosial media artıq sadəcə fikir mübadiləsi platforması deyil, eyni zamanda informasiya manipulyasiyası, dezinformasiya, nifrət dili, şantaj, kibertəhlükəsizlik və ictimai sabitliyə təsir edən çağırışlar üçün də alətə çevrilib. Anonimlik isə bu proseslərdə məsuliyyətsizliyi artıran əsas faktorlardan biridir. Nazirin vurğuladığı şəxsiyyət identifikasiyası tələbi birbaşa söz azadlığının məhdudlaşdırılması məqsədi daşımır. Əsas məqsəd sosial mediada “tam azadlıq” adı altında hüquqi məsuliyyətsizliyin qarşısını almaq, real dünyada mövcud olan hüquqi çərçivəni rəqəmsal mühitə də tətbiq etməkdir. Axı real həyatda heç kim üzünü gizlədərək kütlə qarşısında istədiyini deyə bilməz və bunun məsuliyyəti yoxdur deyə bilmərik.
Bu məsələni Azərbaycan kontekstində qiymətləndirərkən çox ehtiyatlı və mərhələli yanaşma vacibdir. Azərbaycanda son illər media sahəsində institusional islahatlar aparılıb, peşəkar jurnalistika təşviq olunur, lakin eyni zamanda sosial mediada müəyyən etik və hüquqi boşluqlar qalmaqdadır. Burada əsas məsələ texniki yox, konseptualdır: istənilən mexanizm söz və fikir azadlığına zərər verməməli, tənqidi düşüncəni boğmamalıdır”.


Mütəxəssis Azərbaycanda sosial media ilə bağlı oxşar addımların yalnız geniş ictimai və ekspert müzakirələrindən sonra, şəffaf hüquqi mexanizmlərin əsasında atıla biləcəyini vurğulayıb:


“Fokus şəxsiyyətin tam açıqlanması yox, qanun pozuntusu olduqda məsuliyyətin təmin edilməsidir. Yəni problem yarandığı anda hüquq-mühafizə orqanlarının legitim şəkildə həmin şəxsin kimliyini müəyyənləşdirə bilməsi kifayətdir. Nəticə etibarilə, Türkiyədə irəli sürülən bu təşəbbüs dövrün çağırışlarından doğur. Amma hər ölkə, o cümlədən Azərbaycan, bu cür mexanizmləri öz hüquqi sistemi, cəmiyyətin həssaslıqları və media mühitinin inkişaf səviyyəsinə uyğun şəkildə tətbiq etməlidir. Əsas prinsip balansdır — bir tərəfdə təhlükəsizlik və məsuliyyət, digər tərəfdə isə söz və fikir azadlığı olmalıdır”.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ