Gələcək qayğısı: Gənclər nədən qorxur?

Gələcək qayğısı: Gənclər nədən qorxur?
Kateqoriya məlum deyil
T

Son illər gənclər arasında gələcək ilə bağlı narahatlıq və qeyri-müəyyənlik hissi getdikcə daha çox müşahidə olunur. Təhsil, iş tapmaq, maddi təminat, sosial gözləntilər və sürətlə dəyişən dünya reallıqları gənclərin psixoloji durumuna birbaşa təsir edir. Bir çox gənc qarşıdakı illərlə bağlı plan qurmaqda çətinlik çəkir, sabaha inam hissi azalır. Bu cür psixoloji vəziyyət uzunmüddətli davam etdikdə emosional gərginlik və motivasiya itkisinə səbəb ola bilər. 


Bəs müasir dövrdə gənclərdə gələcək qorxusu və qeyri-müəyyənlik hissinin əsas psixoloji səbəbləri nələrdir və bu narahatlıqların azalması üçün hansı addımlar atılmalıdır?


Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, psixoloji baxımdan gələcək qorxusu ilk növbədə qeyri-müəyyənliklə əlaqəlidir. Onun sözlərinə görə, insan nəzarət hissini itirdikdə təhlükəsizlik duyğusu zəifləyir və beyin potensial riskləri həddindən artıq böyütməyə başlayır:

 


“Gənclərdə tez-tez gərginlik, özünü başqaları ilə davamlı müqayisə etmə, uğuru ya tam qələbə, ya da tam məğlubiyyət kimi görmə kimi düşüncə tərzləri formalaşır. Bu da gələcəyi qaranlıq və təhlükəli kimi qavramağa səbəb olur. Eyni zamanda gənclik dövrü kimlik axtarışı mərhələsidir: insan “mən kiməm?” və “haraya doğru gedirəm?” suallarına cavab tapa bilmədikdə daxili gərginlik artır və gələcək qeyri-sabit görünür. Bu vəziyyət sosial mühitlə qarşılıqlı təsirdə daha da güclənir. Əmək bazarındakı qeyri-sabitlik, müvəqqəti iş yerləri, aşağı maaşlar və peşəyə uyğun işlərin azlığı gənclərdə uzunmüddətli təhlükəsizlik hissini zəiflədir. Mənzil problemləri və maddi çətinliklər müstəqil həyat qurmaq, ailə yaratmaq kimi mərhələləri gecikdirir və “geridə qalmışam” duyğusunu gücləndirir. Təhsil sistemində bazarın tələbləri ilə uyğunluğun tam təmin olunmaması, diplomun faydasızlığı hissi də narahatlığı artırır. Sosial media isə gəncləri gördükləri “parlaq” həyatlarla müqayisəyə məcbur edir ki, bu da özünə inamın azalmasına, narazılıq və yetərsizlik hisslərinin artmasına gətirib çıxarır”.


Psixoloq qeyd edib ki, bütün bunların fonunda narahatlıq daha da dərinləşir: 


“Həyatın mənası nədir, sabah nə olacaq və bu qədər müqayisənin olduğu bir mühitdə insan öz yerini necə tapmalıdır? Dəqiq cavabların olmaması gənclərdə daxili boşluq və yetərsizlik hissini artıra bilir. Nəticədə bu amillər birləşərək uzunmüddətli stress, emosional tükənmişlik, motivasiyanın azalması və gələcəyə inamın zəifləməsi kimi problemlər yaradır. Psixoloji baxımdan yanaşdıqda isə maarifləndirmə tədbirləri insanların emosional savadlılığının inkişafına, streslə effektiv mübarizə bacarıqlarının formalaşmasına və qeyri-müəyyənlik şəraitində təsir altına düşmədən vəziyyəti sağlam şəkildə idarə etməsinə kömək edir. Bu bacarıqlar gücləndikcə fərdlər zamanlarını daha səmərəli planlaşdırır, gündəlik həyatın tələblərinə daha tez uyğunlaşır və depressiya, təşviş kimi psixoloji-emosional çətinliklərin öhdəsindən gəlməkdə daha dayanıqlı olurlar”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ