Nə üçün uşaqlar evdən qaçır? - Psixoloqdan AÇIQLAMA

Son 20 ildə Azərbaycanda 1152 nəfər itkin düşüb və onların taleyi hələ də naməlumdur. Rəqəmlər isə hər keçən gün daha da ağırlaşır. Təkcə 2025-ci ilin ilk yarısında ölkə üzrə 684 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb, onlardan 109-u 18 yaşına çatmayan uşaqlardır.
Bu statistika “Yeni Sabah”ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb. Demək olar ki, hər gün sosial proqramlarda, mediada, platformalarda itkin düşən şəxslərlə bağlı paylaşımlar edilir. İtkin düşənlərin, evdən “qaçanların” azyaşlı, yeniyetmə olması isə daha ciddi haldır.
Bəs, uşaqların evdən qaçması və ya itkin düşməsi daha çox hansı psixoloji səbəblərlə bağlı olur? Uşaqlarda “qaçmaq” davranışının ilkin psixoloji əlamətləri nələrdir və valideynlər bunu necə hiss edə bilər?
Sfera.az-a bu haqda açıqlama verən psixoloq Ülkər Məhərrəmovanın sözlərinə əsasən, statistikada göstərilən şəxslərin evdən uzaqlaşma səbəbi və ya itkin düşmə səbəbi əslində bir problemlə və ya narahatlıqla deyil, psixoloji, ailəvi və ya məktəbdə, cəmiyyətdəki sosial faktorların birləşməsi ilə əlaqədardır:

“Əgər uşaqlar evdə təhlükəsiz hiss etmirsə, valideynləri tərəfindən dinlənilmirsə, onları anlayan yoxdursa və ya hiss etmirsə ki, onu dinləyən var, həmin anda evdən uzaqlaşma və qaçış davranışı ortaya çıxa bilər. Davamlı mübahisəli ailələrdə, müzakirə edilmədən baş verən münaqişələrdə, valideynin sərt nəzarəti, uşağın duyğularının nəzərə alınmaması, valideyn bağının soyuq olması, uşağa qarşı zorakılıq və anlamadan tələbkarlıq da uşaqları evdən uzaqlaşmağa sövq edə bilər. Uşaqlarda ən çox keçid dövründə depressiya, təşviş, həyəcansızlıq, özünə inamın aşağı olması, tənha qalma hissi, ailədə zorakılıq və dramatik hadisələr, həmçinin məktəbdə dostlarla münasibətlərin pozulması və qəbul olunmamaq halları bu davranışa səbəb ola bilər”.
Mütəxəssisin fikrincə, bu yaş qrupundakı uşaqlar evdən uzaqlaşmaqla müstəqillik qazanmaq, sosial şəbəkələrdə təcrübə toplamaq, “mən artıq sərbəstəm, kimsə məni idarə edə bilməz” kimi impulsiv davranışları sərgiləmək istəyirlər:
“Bu da keçid dövrünün təbii əlamətləri və sosial mühitdən aldqları təsirlərlə birləşərək uşaqların evdən uzaqlaşmasına və itkin düşməsinə gətirib çıxara bilər. Uşaqların evdən qaçması adətən bir xəbərdarlıq siqnalıdır. Uşaqların evdən uzaqlaşması emosional ağırlıqdan, diqqət çəkmək istəyindən və ya problemlərdən qaçmaq məqsədindən irəli gələ bilər. Valideyn-uşaq bağı güclü olmalıdır, uşaqlar heç bir zaman valideyndən uzaq durmamalıdır. Valideyn həm sevgi, həm nəzarət, həm müdafiə, həm anlayışda balanslı olmalıdır.
Psixoloji dəstək, uşaqlarla açıq ünsiyyət və onların fikirlərini səbirlə dinləmək çox önəmlidir. Bunlar təmin olunmazsa, evdən qaçmaların sayı artır və riskli hallar çoxalır. Valideynlər öz valideynlik bacarıqlarını inkişaf etdirməli, ailə-övlad münasibətlərini düzgün qurmalı, uşaqların sosial şəbəkələrdən çox istifadə etməsinə imkan verməməli və ailə ilə daha çox ünsiyyət qurmalarını təmin etməlidirlər. Bu hadisələr bütün ailələr üçün xəbərdarlıqdır, cəmiyyət üçün bir siqnal və çağırışdır. Gələcəyimiz gənclərin əlindədir. Əgər biz gənclərimizi dinləməsək və onları anlamasaq, onlar yanlış davranışları həyat yolu kimi seçə bilərlər. Bu səbəbdən dayanıqlı və düşünülmüş həll yolları tapmaq vacibdir”.
Bəsti Rəfizadə
Sfera.az
